AZ

Azərbaycanın qeyri-neft məhsulları ixracında Rusiya 1-cidir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib

Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayında təqdim edilib.

Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,1 faiz artaraq 564,7 milyon dollara bərabər olub.

2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon dollar və ya 54,4 faiz, kimya sənayesi məhsulları 48,7 milyon dollar və ya 38,7 faiz, meyvə-tərəvəz 81,2 milyon dollar və ya 24,3 faiz, pambıq iplik 1,8 milyon dollar və ya 16,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon dollar və ya 12,5 faiz, çay 62,5 min dollar və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min dollar və ya 0,7 faiz artıb.

Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21,9 faiz artaraq 455,2 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 7,7 faiz artaraq 145 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 faiz artaraq 600,3 milyon dollar təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (149 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (144 milyon dollar) ikinci, pambıq (98,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (35,2 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (22,7 milyon dollar) ikinci, təzə albalı və gilas (18,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin ilk 6 ayında Rusiyaya 586 milyon dollar, Türkiyəyə 287,2 milyon dollar, Gürcüstana 154,8 milyon dollar, İsveçrəyə 151,5 milyon dollar, Ukraynaya isə 95,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin iyun ayında Rusiyaya 143,1 milyon dollar, Türkiyəyə 35,9 milyon dollar, Gürcüstana 29,3 milyon dollar, İsveçrəyə 23,6 milyon dollar, Ukraynaya isə 19,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-iyun ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti, P-AQRO MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Sahdag SY” Məhdud Məsuliyyətli Cəmiyyəti, UYTROP Məhdud Məsuliyyətli Cəmiyyəti, “Green Tech” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-Dalğıc” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.

Hesabat dövründə “Azərkosmos”un peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,3 milyon dollar ilə Birləşmiş Krallıq, 1,8 milyon dollar ilə Lüksemburq, 436 min dollar ilə Nigeriya, 385,1 min dollar ilə Türkiyə, 357,9 min dollar ilə Misir qərarlaşıb.

Seçilən
91
5
moderator.az

10Mənbələr