RU

Azərbaycan mətbuatı həqiqətin, dövlətçiliyin və milli kimliyin keşiyində dayanır

ain.az, Sfera.az saytına istinadən bildirir.

Azərbaycan Milli Mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzetinin ilk sayı ilə qoyulub. Bu tarixi hadisə təkcə mətbuatın deyil, həm də Azərbaycan cəmiyyətinin maariflənməyə, milli özünüdərkin inkişafına doğru atdığı böyük addım idi. “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycanda müasir mətbuat ənənələrinin bünövrəsi qoyuldu və milli düşüncə, dil, mədəniyyət dəyərlərinin təbliği istiqamətində mühüm bir mərhələ başlandı. Məhz buna görə də 22 iyul tarixi Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla Milli Mətbuat Günü kimi qeyd olunur.

“Əkinçi” qəzetinin yaradıcısı və redaktoru Həsən bəy Zərdabi Azərbaycan jurnalistikasının ilk təməl daşını qoyan şəxsiyyətdir. Onun fəaliyyəti ilə təkcə qəzet nəşri deyil, bütövlükdə milli maarifçilik hərəkatı başlaydı. Zərdabi xalqın ana dilində savadlanması, elmi və ictimai mövzuların sadə və anlaşılan formada təqdim olunması üçün yorulmadan çalışırdı. O, mətbuatın əsas məqsədinin xalqı oyatmaq, maarifləndirmək və milli şüuru formalaşdırmaq olduğunu dərk edir və buna uyğun istiqamətdə fəaliyyət göstərirdi. Bu səbəbdən “Əkinçi” yalnız bir qəzet deyil, xalqın söz meydanı və milli özünüdərkin simvolu oldu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat azadlığı elan edildi. Dövlətin rəsmi orqanı kimi “Azərbaycan” qəzeti nəşr olunmağa başladı. Sovet hakimiyyəti illərində mətbuat dövlət ideologiyasının əsas alətlərindən birinə çevrilsə də, Azərbaycan jurnalistləri bu çərçivələr daxilində belə milli-mənəvi dəyərləri qorumağa və yaşatmağa çalışırdılar. Həmin dövrdə “Kommunist”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Ulduz”, “Azərbaycan” və digər mətbu orqanlar fəaliyyət göstərirdi. Mətbuat daha çox kommunist ideologiyasının təbliği ilə məşğul olsa da, istedadlı qələm sahibləri bədii yaradıcılıq və publisistika vasitəsilə milli ruhun ifadəçisi olmağa davam edirdilər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra söz və fikir azadlığı sahəsində yeni bir mərhələ başlandı. Mətbuat üzərində senzura 1998-ci ildə ləğv olundu. Bu, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə reallaşan mühüm bir islahat idi və mətbuatın tam azad fəaliyyətinə şərait yaratdı. Həmin dövrdən başlayaraq ölkədə çoxsaylı qəzetlər, jurnallar və informasiya agentlikləri fəaliyyətə başladı. Bu, medianın plüralizmə doğru inkişafında dönüş nöqtəsi oldu. Bu gün Azərbaycanda mətbuat dövlətin dəstəyi ilə davamlı inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində ardıcıl islahatlar həyata keçirilir. Medianın müasir tələblərə uyğunlaşdırılması məqsədilə 2021-ci ildə “Media haqqında” Qanun qəbul olundu. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial medianın yayılması jurnalistikanın qarşısında həm imkanlar, həm də ciddi çağırışlar yaradıb. Bu gün informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, etik jurnalistika kimi məsələlər ön plana çıxır. Peşəkar jurnalistlərin yetişməsi, informasiya sahəsində milli maraqların qorunması, söz azadlığı ilə məsuliyyət anlayışının vəhdəti məsələləri daha da aktuallaşıb. Dövlətin dəstəyi ilə bu sahədə həyata keçirilən tədbirlər medianın milli təhlükəsizliyin bir elementi kimi inkişafını hədəfləyir.

Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yolu keçib. “Əkinçi”nin qoyduğu təməl bu gün modern informasiya sistemləri və rəqəmsal medianın timsalında davam etdirilir. Həsən bəy Zərdabinin başladığı maarifçilik missiyası bu gün yeni dövrün tələbləri fonunda yaşayır və inkişaf edir. Lakin bir həqiqət dəyişməz olaraq qalır: Azərbaycan mətbuatı həqiqətin, dövlətçiliyin və milli kimliyin keşiyində dayanır.

Vasif Qafarov

Milli Məclisin deputatı,

Tarix elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
50
sfera.az

10Источники