LƏNKƏRAN, 20 iyul. TELEQRAF
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, qəza axşam saatlarında rayonun Xanbulan-Biləsəsər kənd yolunun Daşdatük kəndi ərazisində baş verib.
Astara rayonunun Siyəkü kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi Rzayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanaraq ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişinlər – Siyəkü kənd sakinləri, 2009-cu il təvəllüdlü Qalib Şahməmmədov və 2003-cü il təvəllüdlü Sənan Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.
Yaralılar həkim nəzarətindədir, müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.