AZ

Lənkəranda avtomobil dərəyə aşdı - 3 nəfər xəsarət aldı - FOTO

Lənkəran rayonunun Xanbulan-Biləsər kənd yolunda, Daşdatük kəndi ərazisində ağır yol qəzası baş verib. Hadisə axşam saatlarında qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Astara rayonunun Siyəkü kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi Rzayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq təxminən 100 metr hündürlükdən dərəyə aşıb və ağaca çırpılaraq dayanıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – Siyəkü kənd sakinləri, 2009-cu il təvəllüdlü Qalib Şahməmmədov və 2003-cü il təvəllüdlü Sənan Əhmədov ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.

Həkimlərin verdiyi məlumata görə, Səbuhi Rzayevin sağ mil sümüyü sınıb, bədənində çoxsaylı sıyrıqlar var. Qalib Şahməmmədovun sol mil sümüyü sınıb, sol göz ətrafında əzilmiş yara və bədənində digər xəsarətlər aşkarlanıb. Sənan Əhmədova isə sağ bud-çanaq və boyun nahiyəsinin küt travması diaqnozu qoyulub.

Yaralıların müalicəsi davam edir. Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
27
3
bizim.media

10Mənbələr