RU

“Ronaldo həftəyə 1 milyard avro qazanmağa layiqdir”

“Mançester Yunayted”in sabiq hücumçusu Lui Saha komanda yoldaşı olmuş Kriştiano Ronaldo haqqında yüksək fikirlər səsləndirib.

90deqiqe.Az-ın “Goal” nəşrinə istinadən yaydığı xəbərə görə, fransalı veteran futbolçu portuqaliyalı hücumçunun dünya futboluna təsirindən bəhs edib:

“Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında futbolun səfiri olub. Onun gəlişindən sonra ora çox sayda yüksək səviyyəli və gənc futbolçu üz tutdu. O, ölkədə futbolun inkişafına böyük təkan verdi”.

Saha bildirib ki, Ronaldonun hazırkı fiziki durumu və peşəkar yanaşması nümunə göstəriləcək səviyyədədir:

“Bu yaşda belə hələ də ən yüksək səviyyədə oynayır. Bu, inanılmaz göstəricidir. Onun üçün yeni müqavilə tamamilə haqlıdır. Futbola və cəmiyyətə verdiyi töhfəyə görə o, həftəlik 1 milyard avro maaşa belə layiqdir. 40 yaşı var, amma sanki 25 yaşındakı kimi çalışır. Bu, sadəcə möhtəşəmdir”.

Saha həmçinin qeyd edib ki, Ronaldonun adı və nüfuzu təkcə Səudiyyə Ərəbistanında deyil, bütün dünyada gənc oyunçulara təsir edir:

“Bəzi futbolçular 25 yaşında olur, amma davranışları 40 yaşlı kimidir. Kriştiano isə əksinədir – motivasiyalıdır, daim zirvədə olmağa çalışır. Onun mentaliteti tam fərqlidir. Ona böyük hörmətim var”.

Qeyd edək ki, 40 yaşlı Kriştiano Ronaldo bu ilin mayında “Əl-Nəsr”lə müqaviləsini 2027-ci ilə qədər uzadıb. Mediada yayılan məlumatlara görə, ulduz futbolçunun illik gəliri 183 milyon avrodur.

 

 

Избранный
35
20
90deqiqe.az

10Источники