BAKI, 15 iyul. TELEQRAF
2028-ci ildə Los-Ancelesdə (ABŞ) keçiriləcək Yay Olimpiya Oyunlarının tam cədvəli açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə olimpiadanın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, idman tədbirləri iyulun 12-də futbol matçları da daxil olmaqla, birinci təsnifat mərhələləri ilə başlayacaq.
Açılış mərasimi iyulun 14-də, ertəsi gün, iyulun 15-də triatlon, qılıncoynatma, cüdo, atletika, reqbi yeddiliyi, atıcılıq və kanoe slalom kimi idman növləri üzrə ilk medal dəstləri təqdim olunacaq.
Boks yarışı 15-23 iyul tarixlərində, finallar isə 27-30 iyulda keçiriləcək.
Cüdoda mübarizə iyulun 15-dən 22-dək “LA Convention Center Hall”da baş tutacaq.
Olimpiadanın final günü, iyulun 30-da yüngül atletika, boks, basketbol, trek velosipedi, üzgüçülük, güləş və voleybol üzrə həlledici yarışlar keçiriləcək. Həmin gün olimpiadanın bağlanış mərasimi də baş tutacaq.