RU

Azərbaycan-Rusiya münasibətlərini kim pozur? - Cinayət, ardınca qeyri-səmimiyyət...


Azər Həsrət: “Onlar etdiklərinin səhv olduğunu başa düşdükləri üçün belə bir açıqlama ilə çıxış edirlər”

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində bildirib ki, Moskva və Bakı arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir, onları pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər:

“Bu məsələdə sadəcə aranı qatmaq istəyənlər var. Düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri son dərəcə vacibdir. Bu münasibətləri pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər”, - o bildirib.

Son günlər Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik fonunda bəzi rəsmi şəxslərin verdiyi açıqlamalar ictimaiyyət arasında narazılığa səbəb olub. Maraqlıdır, Zaxarovanın məlum açıqlaması ilə Rusiya nə demək istəyir?

“Mariya Zaxarova və onun təmsil etdiyi Rusiya hakimiyyəti azərbaycanlılara qarşı o vəhşi addımları atmazdan öncə bunları düşünməli idi”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mariya Zaxarovanın bu cür danışığı Azərbaycanın Rusiyaya verdiyi reaksiyanın nəticəsidir: "Onlar Azərbaycanın üzərinə vəhşicəsinə gəlməklə bizi qorxudacaqlarını düşündülər. Hesab etdilər ki, istədikləri kimi azərbaycanlıları təhqir edib aşağılaya bilərlər. Təbii ki, bu vəziyyətdə Azərbaycan dövləti, ictimaiyyəti, dünyanın dörd bir yanında olan azərbaycanlılar və türk xalqları ayağa qalxdı, Rusiyaya yerini və həddini göstərdi. Onlar etdiklərinin səhv olduğunu başa düşdükləri üçün belə bir açıqlama ilə çıxış edirlər. Azərbaycan tərəfi hər zaman qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olub. Kimsə bizdən üstün deyil. Ancaq Rusiya hesab edir ki, onlar bizdən üstün və böyük qardaşdır. Lakin onlar unudur ki, o dövr çoxdan bitib, SSRİ çoxdan dağılıb, Azərbaycan illərdir müstəqil dövlətdir və torpaqlarımız üzərində də süverenliyi tam təmin etmişik. Rusiya Azərbaycanla münasibətlərdə bərabər tərəf kimi davrana bilər. Onu da deyim ki, Mariya Zaxarovanın belə danışması Azərbaycanda rus məktəblərinin bağlanma ehtimalı ilə bağlı hərəkətlənmədən qaynaqlanır. Başa düşürlər ki, artıqdivar qurtarıb, getməyə yer qalmayıb, Azərbaycanrus məktəblərini bağlasa onların burda təhsil imkanları əldən çıxmış olacaq. Ancaq onlar unudur ki, Azərbaycan dövləti və xalqı bir sözü dedisə, mütləq sona çatdırmadan dayanan deyil. Mariya Zaxarova və onun təmsil etdiyi Rusiya hakimiyyəti azərbaycanlılara qarşı o vəhşi addımları atmazdan öncə bunları düşünməli idi. Bunun üçün isə dövlət ağlı lazım idi. Görünür, Rusiyanın dövlət ağlında çatışmazlıq var. Ona görə də özlərini bu cür çətin vəziyyətə salıblar”.

Günel CƏLİLOVA

Избранный
15
27
baki-xeber.com

10Источники