Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kiyev, 3 iyul, AZƏRTAC
Cümə axşamı, iyulun 3-nə keçən gecə rus qoşunları “Şahed” tipli hücum pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücum edib. PUA-ların biri çoxmərtəbəli binaya zərbə endirib.
AZƏRTAC xəbər verir ki, səhər saat üç radələrində Odessada partlayışlar baş verib. Bundan bir qədər əvvəl hücumçu dronlarının şəhərə doğru hərəkəti qeydə alınıb. Daha sonra mer Gennadi Truxanov bildirib ki, hücum nəticəsində yaşayış binalarına ziyan dəyib.
O deyib: “Çoxmərtəbəli binaya ciddi ziyan dəyib. Hadisə yerində bütün xidmətlər işləyir. Zərərçəkənlərə yardım göstərilir”.
Odessanın meri əlavə edib: “İlkin araşdırmalar göstərir ki, binanın əsas girişlərdən birinə xeyli ziyan dəyib. Onun içində olmaq təhlükəlidir. Qəzalı konstruksiyaların aradan qaldırılmasından sonra ekspert qrupu binanın vəziyyətini ətraflı qiymətləndirəcək. Bu, gələcək tədbirlərin müəyyənləşdirilməsinə kömək edəcək”.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücum zamanı doqquzmərtəbəli binaya ciddi ziyan dəyib, 7-ci mərtəbədən 9-cu mərtəbəyə qədər yanğın başlayıb. Məlumatda qeyd olunur ki, binada olan 4 nəfər yaralanıb. Saat 06:20-yə olan məlumata görə, xilasedicilər çoxmərtəbəli binanın 50 sakinini təxliyə ediblər. İkisi uşaq olmaqla, 10 nəfər xüsusi texnikanın köməyi ilə xilas olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.