Oxu.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-İsrail və İran arasında baş verən 12 günlük müharibənin nəticələri və bunun nüvə danışıqlarına təsiri regional və qlobal təhlükəsizlik baxımından ciddi əhəmiyyət kəsb edir. Tərəflər qarşılıqlı şəkildə qələbələrini elan etsələr də, nəticədə əsas məsələ - nüvə danışıqları gündəmdən çıxarılıb. Bəs prosesin gələcəyini necə dəyərləndirmək olar?
Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Oxu.Az-a açıqlamasında bildirib ki, bu müharibənin ardınca formalaşan situasiyaya bir neçə əsas istiqamətdə nəzər yetirmək lazımdır:

"İlk növbədə, hərbi nəticələrin informasiya müharibəsi kontekstində qiymətləndirdiyimiz zaman qarşıdurma tərəflərinin iki fərqli iddiası ilə qarşılaşırıq. Rəsmi açıqlamalara əsasən, ABŞ və İsrail birgə əməliyyatlarla İranın əsas nüvə obyektlərinə - Natanz, Fordo və Ərak yaxınlığındakı obyektlərə ciddi ziyan vurduqlarını iddia edirlər. Bu, nüvə silahı istehsal qabiliyyətinə uzunmüddətli zərbə vurmaq məqsədi daşıyırdı. ABŞ bu əməliyyatla İranın uranı zənginləşdirmə potensialının "ən azı bir neçə il geriyə atıldığını" bildirir. İran isə bu iddiaları təkzib edir, obyektlərin "qismən zərər gördüyünü", lakin əsas infrastrukturun bərpa edilə biləcəyini və nüvə proqramının "dayanmadığını" vurğulayır. İran, həmçinin beynəlxalq ictimaiyyəti inandırmağa çalışır ki, bu hücumlar beynəlxalq hüququn pozulmasıdır və ABŞ-İsrail birliyi BMT Nizamnaməsini tapdalayıb".
"Əslində isə əməliyyat nəticəsində yaranan real və siyasi vəziyyət diplomatik prosesləri, demək olar ki, dalana dirədi. Faktiki olaraq, Vyana danışıqları və JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) artıq formal olaraq iflic vəziyyətindədir. İran qarşı tərəfin "ikili oyun" oynadığını iddia edir: bir tərəfdən, diplomatiyadan danışılır, digər tərəfdən, hərbi obyektlər bombalanır. Avropa ölkələri (xüsusilə Fransa və Almaniya) diplomatik mexanizmləri bərpa etməyə çalışsalar da, müharibənin yaratdığı gərginlik şəraitində bu cəhdlər nəticəsiz görünür. Rusiya və Çin isə İranın mövqeyinə yaxın dayanaraq bu əməliyyatları "təxribatçı və sabitliyi pozan" akt kimi qiymətləndirirlər", - deyə ekspert vurğulayıb.
Hazırkı dönəmi dəyərləndirən müsahibimiz nüvə danışıqları ilə bağlı bir qeyri-müəyyənliyin hökm sürdüyünü əlavə edib:
"Mövcud situasiya onu göstərir ki, yaxın bir neçə ay ərzində rəsmi nüvə danışıqlarının bərpa olunması ehtimalı son dərəcə aşağıdır. Tərəflər daha çox informasiya müharibəsi və diplomatik manevrlərlə öz mövqelərini gücləndirməyə çalışacaqlar. Lakin İranın artıq uranı zənginləşdirmə səviyyəsini artırdığını elan etməsi də ciddi məqamdır. Əgər beynəlxalq monitorinq tam bərpa olunmazsa, bu, İsrail və ABŞ üçün yenidən hərbi müdaxilə variantını gündəmə gətirə bilər. Bu isə regionda ikinci mərhələ münaqişəyə səbəb ola bilər".
Mərahim Nəsib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.