Bəhruz Məhərrəmov: Rusiya Federasiyası beynəlxlaq hüququa olduğu qədər öz daxili qanunlarına da hörmət etmir
Son zamanlar Rusiyada baş verən hadisələr şovinizm, milli ayrıseçkilik və islamofobiyanın sistemli xarakter aldığını göstərir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilənlər bu prosesin idarə olunduğunun göstəricisidir. Miqrantlar, xüsusilə də müsəlmanlar, təhdid və şantajla müharibəyə aparılır, vədlər yerinə yetirilmir, geri döndükdən sonra yenidən məcbur edilirlər. Hətta Rusiya vətəndaşı olan qeyri-ruslar da eyni təzyiqlərlə üzləşirlər.
Bu hallar yalnız bir şəhərlə məhdudlaşmır, bütün ölkəyə yayılıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Bastrıkinin açıqlamaları da faktları təsdiqləyir. Azərbaycan hələ də mülki təyyarəsinin vurulmasını unutmayıb. Moskvanın susqunluğu qəbuledilməzdir. Bakı bu məsələni beynəlxalq səviyyədə davam etdirəcək. Eyni zamanda, bir millət vəkilimizin Həştərxanda tədbirə buraxılmaması və Azərbaycan informasiya resurslarına qarşı təşkil olunan kiberhücumlar da Rusiyanın mövqeyini açıq göstərir. Solovyov kimi Kremlin təbliğatçıları tərəfindən səsləndirilən anti-Azərbaycan çıxışlar bu təzyiqlərin ideoloji əsasını təşkil edir. Rusiyada başqa xalqlara, xüsusən də müsəlmanlara qarşı təzyiqlər artır. Ukrayna müharibəsində dalana dirənən Moskva yeni düşmən axtarışındadır – bu isə Cənubi Qafqaz və Azərbaycan ola bilər. Ermənistanda revanşist qüvvələrin fəallaşması da bu siyasətin tərkib hissəsidir. Məqsəd bölgəni yenidən münaqişə zonasına çevirməkdir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə qəbuledilməz zorakılıla müşayət olunan basqını, nəticədə həmvətənlərimizin həlak edilməsi, bəzilərinin ciddi bədən xəsarətləri nəticəsində ağır yaralanması, habelə soydaşlarımızın heç bir hüquqi prosedur gözlənilmədən saxlanması bu ölkədə yuxarıdan idarə olunan və dövlət siyasətinə çevrilmiş şovinizmin, diskriminasiyanın , milli ayrıseçkiliyin bariz nümunələridir:

"Məlumdur ki, Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün konstitusion niyyəti kimi bəyan edib. Həmçinin ölkəmizin Konstitusiyasının 10-cu maddəsində bəyan edilir ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Azərbaycan ələlxüsus da qonşu ölkələrlə hərtərəfli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verir. Respublikamız bu ölkələrlə münasibətlərdə əsas problemlərin qarşılıqlı şəkildə və beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır və separatçılığın, etnik, siyasi və dini ekstremizmdən qaynaqlanan risklərin zərərsizləşdirilməsində digər dövlətlərlə, xüsusən qonşuluq təmaslarına malik ölkələrlə harmonik münasibətlərin qurulmasının mühüm əhəmiyyətə malik olması qənaətindədir. Regionda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığı əvəzolunmaz amil kimi qiymətləndirən Azərbaycan Respublikası həmsərhəd dövlətlərlə sülh və mehriban qonşuluq şəraitində yaşamaq və müxtəlif regional layihələrdə birgə iştirakda maraqlıdır. Məhz bu çərçivədə Azərbaycan ötən dövr ərzində Rusiya ilə münasibətlərinə regionun sabitliyi və inkişafı üçün mühüm amil kimi yanaşmış, bu ölkə ilə ikitərəfli əsaslarda, eləcə də beynəlxalq və regional təşkilatlan, xüsusilə də MDB çərçivəsində çoxtərəfli əsaslarda siyasi, iqtisadi, humanitar, təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə strateji tərəfdaşlıq və əməkdaşlıq edib. O cümlədən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Prezidentlərin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatı və ən nəhayətində 2022-ci ilin 22 fevral tarixində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Azərbaycan Respublikası iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsi, iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının xalqların maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcəyinə inanaraq bu sənədləri imzalayıb. Həmçinin ölkəmiz əlaqələri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa çalışıb. Bu sənədlə Moskva da münasibətləri iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurmağı öhdəsinə götürüb".
Deputat əlavə edib ki, ötən iki əsrlik period ərzində olduğu kimi, son dövrlər də Rusiyanın zaman-zaman öz imzasına hörmət etməyən öhdəliklərini, hüququ, o cümlədən beynəlxalq hüququ heçə sayan subyekt kimi davrandığına şahidlik etməkdəyik:
"Sirr deyil ki, 1990-cı il iyunun 12-də Rusiya Federasiyasının xalq deputatlarının birinci qurultayı "Rusiyanın dövlət suverenliyi haqqında" bəyannaməni təsdiq, iyul ayında Moskvanın Ali Sovetinin "Suverenliyin prinsipləri haqqında" bəyannamə qəbul etməsi ilə müstəqil İttifaqdan çıxmışdı. Lakin Rusiya bütün güc və imkanlarını 70 il birlikdə yaşadığı sovetlər birliyi subyektləri üzərində təzyiq rıçaqlarına malik olmağa, yoxdursa, bu rıçaqları yaratmağa sərf edib. Ermənistanın Azərbaycana təcavüzü, Qarabağda separatizm ocağının yaranması və möhkəmlənməsi də məhz bu qəbildən şərh oluna biləcək təhlükəli proses idi. Bəllidir ki, təqribən 30 il davam etmiş və Cənubi Qafqazda inkişaf və tərəqqinin qarşısında əsas maneyə çevrilmiş işğal, təcavüz və separatizmə əsaslanan status kvonun qorunmasında da Rusiya aparıcı mövqelərdən biri, bəlkə də birincisinə sahib olub. Üstəlik, soydaşlarımıza qarşı çoxsaylı cinayətlərin törədilməsində Ermənistanın havadarı kimi çıxış edib. Lakin Azərbaycanın cənab İlham əliyevin müzəffər Ali Baş Komandanlığında Vətən müharibəsi və antiterror tədbirlərində müstəsna Zəfəri, hərbi-siyasi yolla işğal və təcavüzə öz gücü hesabına son qoyması regionda qeyri-adekvat və birtərəfli maraqlar güdən subyektləri, o cümlədən Rusiyanı təsir rıçaqlarından məhrum etmiş, amma paralel olaraq da bərabərhüquqlu və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə uyğun formatda əməkdaşlıq və tərəfdaşlıq üçün yeni üfüqlər açmış oldu. Lakin, təəssüf ki, Rusiya nəinki bu obyektiv reallığı düzgün qiymətləndirmədi, əksinə münasibətlərin sağlam inkişafına özünün şovinist və imperialist maraqlarına təhdid kimi yanaşmağa başladı. Kremlin nəzarətində olan media resurslarının, o cümlədən dövlətin ruporları kimi çıxış edən siyasətçilərin zamanla Azərbaycan əleyhinə sərt ritorikaya baş vurması, bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı arxasında Rusiyanın dayandığı kiberhücum təşkil olunması, daha aydın desək, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının hesabatında da ifadə olunduğu kimi media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsal təhlükəsizliyi sarsıtmaq məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən ondan çox aparıcı media resursuna qarşı koordinasiyalı və siyasi motivli kiberhücumlar bunun əyani sübutudur. Eyni zamanda Azərbaycanın mülki təyyarəsinin vurulması və Rusiyanın bu məsələdə günahkarların cəzalandırılmamasına, müvafiq kompensasiyaların ödənilməməsində ehtiva olunan qəsdən hərəkətsizliyi, habelə bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş deputat Azər Badamovun dövlət səviyyəsində hörmətsizliklə üzləşərək Rusiya ərazisinə buraxılmaması da bu ölkədə Azərbaycana qarşı formalaşdırılan münasibətin inkişaf tendensiyasının göstəricisi kimi çıxış etməkdə idi".
Bəhruz Məhərrəmovun fikrincə, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər isə Moskvanın dayanmaq niyyətində olmadığını nümayiş etdirir:
"Rusiya göstərir ki, hələ də sovet totalitarizminin repressiya təfəkküründən qopa bilməyib. Təssüf ki, Kreml terrorla cəmiyyətlər üzərində nüfuz qura biləcəyini düşünür. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə əsasən, Moskva Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməyi, eyni zamanda Bəyannamənin 40-cı maddəsində milli qanunvericilik çərçivəsində iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacağını öhdəsinə götürüb. Hətta sənəddə ifadə olunur ki, hər hansı anlaşılmazlığın aradan qaldırılması məqsədilə iki ölkənin Xarici İşlər Nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmi yaradılır. Belə bir məqamda sual meydana çıxır: Bu kimi öhdəliklərin, o cümlədən məsləhətləşmə mexanizminin mövcudluğu şəraitində Rusiya güc strukturlarının quldurcasına davranışının təməlində nə dayanır? Yaxud Azərbaycan nə zaman Rusiya üçün müzakirə pəncərəsini bağlayıb"?
Deputat vurğulayıb ki, ənənəvi şəkildə beynəlxalq öhdəliklərinə sadiq olmayan Rusiya özünün digər bəzi ölkələrdəki təcrübəsinə əsaslanaraq Azərbaycanla özünün diktə etdiyi dialoq mühitini yaratmaq xülyasına düşüb:
"Aralarında elə Rusiyanın öz vətəndaşları da olan soydaşlarımıza qarşı bu cinayətlərlə, habelə Koçaryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxsləri aktivləşdirərək Ermənistanda radikalizm, revanşizm ideyalarının güclənməsinə dəstək verməklə, Cənubi Qafqazı yenidən müharibə arenasına çevirərək özü üçün “münbit mühit” yaratmağa çalışır. Rusiya bu proseslərdə hədəfə çevirdiyi şəxslərin öz vətəndaşı olub-olmamasına məhəl qoymur və nəticədə bu gün Rusiyada qeyri-rus olmağın cinayətə çevirən bir situasiya hakim olmaqdadır. Rusiyada ənənəvi formada digər xalqlara qarşı şovinist əhvali-ruhiyyə hökm sürməsi, diskriminasiyanın geniş yayılmış praktika olması, bu proseslərdə Rus Pravoslav kilsəsinin qızışdırıcı yer tutmaqla, ideoloji təxribatları əsaslandırmaqla, hüquq mühafizə orqnlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığa haqq qazandırmaqla müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verməsi fonunda Yekaterinburqda soydaşlarımıza qarşı törədilən bu cinayətlər bu ölkədə “adi” qarşılanmaqdadır".
Müsahib onu da qeyd edib ki, əvvəlki dövrlərdə Rusiya tərəfi şovinist, diskriminasiya və islamofob siyasətini müəyyən formalarda pərdələyərək dövlət siyasəti olmadığını iddia edirdi:
"Məsələn, 1990-cı illərdə Rusiya xüsusi xidmət orqanları digər xalqların nümayəndələrinə qarşı qəddarlığı ilə seçilən skinhed hərəkatı vasitəsi ilə bu vəhşilikləri törədirdisə bu gün artıq Rusiyanın hüquq mühafizə orqanları pərdələnməyə ehtiyac duymayaraq cinayətləri daha qəddar və açıq formada həyata keçirirlər. Nəticə etibarı ilə Rusiya güc strukturlarının gecə vaxtı Yekatrinburqda dinc azərbaycanlıları evindən aparıb öldürməsi, yaralaması 5 il əvvəl Ermənistanın gecə Gəncədə mülki sakinlərin yaşadığı binanı raket atəşinə tutması ilə mahiyyətcə eyni məzmuna gəlir. Düzdür, öz daxilində Çeçen xalqına qarşı etnik təmizləmə həyata keçirən, habelə eyni dil və dinə malik slavyan Ukrayna xalqına qarşı cari qəddar siyasət yürüdən, Ukraynanın şəhər və kəndlərini yer üzündən silən, soyqırımlar həyata keçirən, dinc yaşayış məntəqələrini və mülki obyektləri qadağan edilmiş dağıdıcı silahlarla vuran Rusiyadan digər xalqlara qarşı daha qəddar davranışı təəccüb doğurmur. Amma istənilən halda hazırda dünyada təkləndiyi bir situasiyada Rusiya tərəfi başa düşməlidir ki, Cənubi Qafqazda özünün maraqlarını dövlət gücünü cılız məqsədlərə alət etməklə yox, yalnız praqmatik siyasət yürütməklə təmin edə bilər. Xüsusən nəzərə alanda ki Azərbaycan kimi bu günə qədər daim dürüst davranmış, Rusiya əleyhinə hər hansı prosesin iştirakçısı olmamış bir dövlətlə münasibətləri korlamaq nüfuz və gücünü itirməkdə olan Şimal qonşumuza yaxşı heç nə vəd edə bilməz".
Parlamentartinin sözlərinə görə, Rusiya dövlət rəsmilərinin verdiyi izahatlar və real mənzərə, o cümlədən Moskvanın situasiyanı əvvəllər törədilmiş ağır cinayətlər üzrə aparılan istintaq çərçivəsində Rusiya hüquq-mühafizə orqanları Rusiyanın vətəndaşı olan və Azərbaycandan çıxmış şübhəlilərin yaşadıqları ünvanlarda həbs və axtarışlar həyata keçirilməsi ilə izah etməyə çalışması hüquq adına ləkədir:
"Çünki Rusiya cinayət-prosessual qanunvericiliyinə əsasən əməliyyat və axtarış fəaliyyəti, o cümlədən ibtidai istintaq yalnız qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsin ifşasına və cinayət məsuliyyətinə cəlb etməyə yönəlib. Lakin Rusiya hüquq mühafizə orqanlarının ixtira etdiyi etnocinayətkarlıq anlayışı fonunda daha çox bu ölkədə digər xalqların nümayəndələrinin artıq cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmaq cəhdlərinə fokuslanıb. Qanunla və oturuşmuş beynəlxalq təcrübə ilə məhkəmə qərarı olmadan kimisə cəzalandırmaq, cinayət törətməkdə təqsiri olmayan heç kəsin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin özbaşına hərəkətləri ilə qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə, şəxslərin həyatı və səhhəti üçün təhlükə törədən, insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmasına yol verilməməlidir. Rusiya Federasiyası beynəlxlaq hüququa olduğu qədər öz dövlət daxili qanunlarına hörmət etmir. Üstəlik cərəyan edən hadisələrin təkcə Yekaterinburq ilə məhdudlaşmaması və bütün regionlarını əhatə etməsi Rusiyanın törətdiyi və daha da genişləndirməyi planlaşdırdığı etnotəmizləmə siyasəti üçün zəmin yaratığını göstərir".