AZ

Rusiya-Azərbaycan münasibətlərində dərin çatlar — “Soydaşlarımız təhlükəsizlikləri haqda düşünməlidir”

Yekaterinburq hadisələrindən sonra Rusiya-Azərbaycan münasibətlərində gərginlik artır. Prinsipial ziddiyyət görünmədiyi halda, Rusiya niyə ölkəmizə qarşı təzyiq və təxribat alətlərindən istifadə edir? Rusiyada yaşayan həmyerlilərimizi nə gözləyir?
Milli Məclisin deputatı Rasim Musabəyov Moderator.az-a açıqlamasında bildirir ki, Rusiyada şovinist dalğası getdikcə artır və bu proses artıq təhlükəli məcraya yön alır. Onun sözlərinə görə, Rusiya hakimiyyəti cəmiyyətin daxilindəki sosial narazılığı və gərginliyi yayındırmaq üçün məqsədyönlü şəkildə bu narazılığı miqrantlara qarşı yönləndirir:
" Təəssüf ki, bu siyasət nəinki cilovlanmır, əksinə, daha da gücləndirilir. Şahidi olduğumuz xoşagəlməz insidentlər təkcə azərbaycanlılara qarşı deyil — bu vəziyyət üzbəklər, taciklər, qırğızlar üçün daha əvvəl yaşanıb. Cəmiyyətimiz bu proseslərdən düzgün nəticə çıxarmalıdır”.
R. Musabəyov hesab edir ki, Rusiyada yaşayan azərbaycanlılar üçün təhlükəsizlik əsas olmalıdır və belə bir şəraitdə ölkəyə qayıtmaq daha məntiqli seçim ola bilər:
"İndiki şəraitdə bəzi soydaşlarımız üçün Rusiyada qalmaq əvəzinə, vətənə qayıdaraq öz torpağında dolanmaq, bəlkə də, daha təhlükəsiz seçim ola bilər. Hər halda insanın təhlükəsizliyi hər şeydən önəmlidir. Rusiya vətəndaşlığını qəbul etmiş azərbaycanlılar bu ölkədə qalıb mübarizələrini aparmalı, təşkilatlanmalı və hüquqlarını müdafiə etməlidirlər".
 R. Musabəyov əlavə edir ki, Azərbaycan Rusiya ilə münasibətlərdə bu insidentlərə görə müharibə etməyəcək, lakin yaranan soyuqluq və məsafə getdikcə daha da artacaq:
" Çünki şovinist-imperiya yanaşması Azərbaycan üçün qəbuledilməzdir. Biz heç bir dövlətin qarşısında baş əymirik və milli ləyaqətimizi hər şeydən üstün tuturuq".
 
Mehin Mehmanqızı
 
Seçilən
6
50
moderator.az

10Mənbələr