RU

Vəhşiliyə haqq qazandıranlar – tolstoylar Rusiyada gobbelslik edirlər


Cənub qonşumuz İranın şər-şəbədəsi ilə baş etməmiş şimal qonşumuz Rusiya ilə münasibətlərdə baş verən gözlənilməz partlayış ölkənin ictimai-siyasi gündəmini tamamilə zəbt edib.

Ehtiraslar heç olmadığı qədər qızışıb. Hətta əminliklə demək olar ki, 1990-cı ilin yanvar ayının 20-dən sonra bu ölkədə Kremlə qarşı bu qədər hiddət püskürməsi olmamışdı.

O zaman “həyat davam edir, Moskva ilə anlaşmağa məcburuq” deyənlər vardı. İndi yoxdur, iqtidarlı-müxalifətli hər kəs Rusiyanın hüquq-mühafizə orqanlarının həmvətənlərimizə qarşı özbaşınalığını qətiyyətlə pisləyir.

Vəziyyəti gərginləşdirən əsas məqam Rusiya mediasının Yekaterinburqda və digər şəhərlərdə vəhşiliklər törədən xüsusi təyinatlılardan daha qəddar biçimdə davranması, aqressiyaya haqq qazandırmasıdır.

Normalda media silahsız mülki şəxslərin öz evlərində döyülüb öldürülməsi aktını qınamalıydı, amma əksinədir, öldürülən, döyülən, tutulan şəxsləri “mütəşəkkil cinayətkar dəstə”nin üzvləri kimi təqdim edir.
Bu zaman nəzərə almırlar ki, tutulanların çoxu artıq azadlığa buraxılıb. Onların heç bir bandanın üzvü olmadığı, sadəcə, iaşə sektorunda çalışdıqları hər kəsə bəllidir.

Məhz bu fakt göstərir ki, Azərbaycan əsilli şəxslərin evlərinə və iş yerlərinə “şəfəq basqını” 25 il öncə baş vermiş cinayətin üstünü açmaq məqsədi daşımayıb. Öldürülən və döyülən şəxslərə prokurorluğa çağırış vərəqəsi verilsəydi, ciddi biznesi olan şəxslər heç yerə qaçası deyildilər, ertəsi gün deyilən saatda istintaqın çağırışına gedəcəkdilər.

Bunu etməyən hüquq-mühafizə orqanlarının evlərə basqın təşkil etməsi, müqavimət göstərməyən şəxsləri ölümcül döyməsi heç bir qanun-qaydaya və insanlığa sığmır.

Bu işdə səlahiyyət həddini aşmaq, qulluq mövqeyindən sui-istifadə etmək kimi cinayət maddələri ilə mühakimə olunası hərəkətlərə yol verilib.

Özünə hörmət edən dövlətin mediası və cəmiyyəti məhz bu məsələyə diqqət yönəltməliydi, amma biz “yaxşı ediblər, bu evin sahibi bizik, gəlmələri qaynar dəmirlə dağlayacağıq” ritorikası müşahidə edirik.

Boynuna bədnam Göbbels kimi neo-nasizm ideoloqu funksiyası götürmüş Duma deputatı Pyotr Tolstoy adlı olduqca əclaf birisi özbəklərin, taciklərin, qırğızların ardınca, “Yekaterinburq terroru”na qarşı səsimizi qaldırdığımıza görə bizə də dil uzadıb, hərzə-hədyan danışıb.

Onun mürtəce fikirlərinin yer aldığı videoda qeyd olunur ki, Yekaterinburqda hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilən “etnik banda”nın üzvləri Azərbaycandan çıxmış olsalar da, Rusiya vətəndaşlarıdır və Azərbaycan dövlətinin onların döyülməsinə, həbs edilməsinə qarşı söz demək hüququ yoxdur.

“Bu, nonsensdir. Məgər Fransada rus millətindən olan canilər, məsələn, Marsel şəhərində həbs edilərsə, Rusiya buna qarışmalıdır?”, - deyə onlar gəlişigözəl cümlələr irad edirlər.

Bu, sadəcə, qırmızı həyasızlıqdır. Çünki Rusiya XİN-in ötən ilin sentyabrında Özbəkistanda, Daşkənd şəhərindəki bir orta məktəbdə rus dili dərsində özbək əsilli şagirdin qulağının çəkilməsinə görə xüsusi bəyanat yaydığı hələ unudulmayıb. Şagird rus dili müəllimini əvəz edən dərs hissə müdirindən dərsdə özbəkcə danışmamağı tələb etmiş və buna görə yüngülvarı cəzalanmışdı. XİN-in sözçüsü Mariya Zaxarova bu məsələyə dair bəyanat yaydı, Rusiya XİN Özbəkistan XİN-ə nota göndərdi, bu hadisəni rusdillilərin hüququnun pozulmasının təzahürü elan etdi.

İndi həmin adamları bir dövlətin başqa dövlətin daxili işlərinə qarışmamalı olduğundan danışırlar.
Sanki bunların eksklüziv hüquqları var, hamının daxili işlərinə qarışa, qonşu ölkələrdə rus dilində məktəb açmağı diktə edə bilərlər, amma heç kəs bunların daxili işlərinə qarışa bilməz. Nonsens budur.

Bax, buna görə qonşuluğunda olan 18 ölkədən 16-sı Rusiyanı sevmir. Hazırda onun yanında yalnız Şimali Koreya, bir də əlacsız qalaraq Kremlin şıltaqlıqlarına dözən Belarus qalıb. Hələ sonuncu da Lukaşenko rejiminin caynağında olduğu üçün Moskvaya qarşı əsl mövqeyini nümayiş etdirə bilmir.

Rus cəmiyyəti sözün əsl mənasında “nasizmə könül verib”. Bunu Azərbaycana qarşı hazırlanan və Yutub-da yayınlanan videonun şərh bölümündəki qeydlərdən aydınca görmək olar. Yüzlərlə istifadəçi “ölkəni yadellilərdən təmizləməyin” vacib olduğunu, Rusiyanın tolerantlığının sərhədsiz olmadığını yazır, etnik diasporları ləğv etməyi, hamını öz ölkəsinə qovmağı təklif edir.

Bir nəfər isə azərbaycanlılara müraciətlə yazıb: “Sizi bu ölkəyə dəvət edən olmayıb”. Ona cavab yazan həmvətənimiz isə belə bir qeyd edib: “Bəs sizi 200 il əvvəl Azərbaycana dəvət edən olmuşdu”?

Bəli, özləri 100 il, 200 il əvvəl gəlib öz torpağında yaşayan xalqları əsarət altına alıb, əsrlərlə istismara məruz qoyublar, imperiya üçün kompakt yaşayan slavyan icmalar, hərbi hissələr yaradıblar, amma indi diaspor təşkilatlarını “etnik banda” adlandırırlar.

1941-45-ci illər müharibəsində milyonlarla “yadelli əsgər”in şücaəti sayəsində Moskvanın, Sankt-Peterburqun işğaldan qorunması, Hitler nasizmi üzərində qələbə qazanılması yaddan çıxıb.

 

Избранный
26
50
musavat.com

10Источники