“Sumqayıt”dan bu yay ayrılmış daha bir futbolçu – mərkəz müdafiəçisi Elvin Bədəlov da bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” Azərbaycan milli komandasının da üzvü olan Bədəlovu transfer edib. 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə də “Neftçi”nin şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) baş məşqçi Samir Abasovun rəhbərliyi altında çıxış edib.
Elvin Bədəlov Azərbaycan millisində 10 oyun keçirib.
“Neftçi” daha öncə Sessi D’Almeyda, Luis Ortis və Murad Xaçayevi də transfer etmişdi. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç və Ervin Koffi paytaxt klubunu tərk ediblər. Emil Balayev isə bu klubla yeni müqavilə bağlayıb.