RU

“Yekaterinburq Varfolomeyi” – Rusiya bemeranq effektinə doğru

“Miqrant ovu”, anti-Azərbaycan ritorika və…

“İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”. 

Bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş hücumlarla bağlı bəyanatında əksini tapıb. Əslində, sənəddə daha çox mətləblərə toxunmaq olardı. Məsələn, deyilə bilərdi ki, son zamanlar Rusiyada şovinizm, diskriminasiya, milli ayrıseçkillik halları güclənib və Yekaterinburqda yaşananlar prosesin kuliminasiyasıdır. Görünür, ali diplomatik idarəmiz təmkinli davranışa üstünlük verib.

Təmkinli davranmaqda fayda var. Hərçənd, yuxarıda qeyd etdiklərimiz mənfi halların sırasını genişləndirmək və müəyyən nəticəyə gəlmək mümkündür. Hələlik isə onu bildirək ki, Yekaterinburqda baş verənlər idarə olunan proses təsiri bağışlayır. Sanki, Rusiyada üst səviyyədə kimlərsə Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdırlar. Belə çıxır ki, dövlətin ali rəhbərliyi belələri ilə mübarizədə acizdir. Hər halda, azərbaycanlıların FTX kimi qurumun keçirdiyi əməliyyat nəticəsində öldürülmələri, onlara qarşı görünməmiş vəhşiliklərin həyata keçirilməsi adi hal sayıla bilməz. 

O da məlumdur ki, Rusiya Ukrayna ilə müharibədə insan qıtlığı ilə üzləşib.  Bu səbəbdən miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə savaşa cəlb edilmələri tendensiya halını alıb. Artıq bunları gizlətmək olmur. Belə nəticə formalaşır ki, müharibədə tələfatla üzləşənlərin qeyri-millətlərin nümayəndələri olmalarını istəyənlər var və onlar əməllərini planlı şəkildə həyata keçirirlər. Bu yolla rus milli genefondumu qorunur, ya nədir, müəyyənləşdirmək çox çətindir. Hər halda, ortada etiraf var. Nəzərə alaq ki, bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin miqrantların müharibəyə cəlb edilmələrindən söz açmış, bununla əlaqədar statistikanı diqqətə çatdırmışdı. Həmin statistikadan sonra düşünmək olar ki, Rusiyada, loru dildə desək, “pul qazandığınız ölkəni qoruyun” düşüncəlilər at oynadırlar və belələri üçün hüquq anlayışı qətiyyən yoxdur.  

Görəsən, miqrantların, onların ailə üzvlərinin narkotikə, törətmədikləri cinayətlərə görə təhdidinə nə ad qoyaq? Hələ müharibəyə yollananların aldadılmaları, kompensasiyalarının ödənilməməsi, savaşdan qayıtdıqdan sonra yenidən şantajla üzləşmələri və təkrarən hərbi əməliyyatlar bölgəsinə göndərilmələri, hətta Rusiya vətəndaşlığına sahib qeyri-rusların da təqiblərin qurbanına çevrilmələr faktları qeydə alınır. Həqiqətən, dəhşətli durumdur. Durumun çoxsaylı, ictimaiyyətə məlum olmayan fərqli təzahürlərinin mövcudluğunu da ehtimal etmək mümkündür. 

Bəli, Rusiyada başqa xalqların təmsilçilərinə münasibətdəki qəddarlıqlara ideoloji don geydirməyi bacaran məmurlar var. Onlar ölkənin etnik rəngarənglik strukturuna zərbə vurur, Rusiyanın əsaslarını zəiflədirlər. Belələrinə nə ad verəsən? Bəlkə onlar ölkənin bir zamanlardakı kimi Novqorod knyazlığının sərhədləri daxilinə sığınmasını istəyirlər? Hər halda, normal məntiq Roma papasından daha artıq katoliklik eşqinə düşənləri anlamaqda çətinlik çəkir. 

Normal məntiq AZAL-a məxsus təyyarənin ötən ilin dekabrında Qroznı səmasında vurulmasına görə məsuliyyətin hələ də müəyyənləşməməsi, günahkarların məsuliyyətə cəlb edilməmələri faktını da anlamaqda acizdir. Görəsən, düzgün hüquqi prosedurları həyata keçirmək bu qədərmi çətindir? Rusiyanın hərəkətsizliyi heç cür qəbul oluna bilməz. 

Əlqərəz, necə deyərlər, eyni dalğa, eyni koordinat. Belə düşünə bilərik ki, təyyarəmizi vuranlarla bir neçə gün əvvəl Yekaterinqurqda azərbaycanlılara qarşı vəhşiliklər törədənlər mahiyyətcə eyni şəxslərdir. Onlar sadəcə, bir növ, növbəti dalğanı işə salıblar. Yəqin, düşünürlər ki, Azərbaycan dövləti sakit qalmalı, hadisənin üzərindən keçməli, günahsız insanların tələf olmalarına, onların həyatlarının ən qorxunc olayını yaşamalarına, psixoloji sarsıntı keçirmələrinə göz yummalı idi. Amma heç narahat olmasınlar. Çünki, ölkəmiz təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirəcək və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmalarına, müvafiq kompsesasiyaların ödənilməsinə nail olacaq. Buna qətiyyən, şübhə etməsinlər.

Sözümüz ondadır ki, Rusiya böyük dövlətdir. Xırda oyunbazlıqlar ona heç yaraşmır. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumun təşkil olunması da yaraşmayan hərəkət idi. Rusiyada nəhayət anlamalıdırlar ki, digər xalqlara qarşı ənənəvi şovinist əhval-ruhiyyəni dinamik saxlamağın, diskriminasiya hallarının heç bir faydası olmayacaq. Əksinə, belə davranışlar bumeranq effekti yaradacaq. Hələ bu effektin islamofobiyanın alovlanması kimi mənfi təmayülü də var. Bu gün qeyri-millətlər Rusiya dövlətinin haqq işi kimi qələmə verdiyi Ukrayna müharibəsində iştiraka zorla sövq edilirlərsə, durumun mənfi təzahürləri mütləqdir.  Bu gün Vladimir Solovyov kimi jurnalistikanı yaramaz təbliğat vasitəsinə çevirmiş şizofrenlər Rusiyanın media məkanında söz sahibidirlərsə, Azərbaycan əleyhinə ağızlarına gələni danışmağa cürətlənirlərsə, ölkənin ictimai mühitinin halına ancaq ağlamaq lazımdır. Çox təəssüf ki, bu mühit kimlərinsə bütün dünyanı qarşısına almaq iddiasının əsirinə çevrilib. 

Sonda bir məqamın da üzərində dayanaq. Hazırda Ermənistanda radikalizm və revanşizm meylləri güclənməkdədir. Qarabağ xuntasının aktivləşməsi fonunda ölkənin sabiq prezdentləri Robert Koçaryan və Serj Sarkisyan ön plana çəkilir. Heç şübhəsiz, proses məhz Moskvadan idarə olunur. Məqsəd aydındır: Cənubi Qafqazı yenidən qan çanağına döndərmək. Rusiyada müəyyən şəxslər saxta erməni sevdası üzərində regionla bağlı planlar qururlar. Belələrinin ölkə daxilində anti-Azərbaycan köklənişi də ümumi mənzərənin tərkib hissəsidir. Ona görə yenidən Azərbaycan XİN-in bəyanatına qayıdaraq belə qənaətə gəlmək olar ki, dövlət qurumumuz tərəfindən “qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik” şəklində çağırışının müsbət nəticələr doğurması inandırıcı görünmür. Həm də ona görə inandırıcı deyil ki, hazırda Rusiyada, sanki, miqrant ovuna start verilib. Görünür, ölkədə, belə demək mümkünsə, Yekaterinburq məşəqqətləri təkrarlanacaq. 

XQ

Избранный
9
2
xalqqazeti.az

10Источники