AZ

Yekaterinburqda tapdanan 40-cı maddə və yenə də “Moskva göz yaşlarına inanmır”

Dünən gecədən Rusiyadakı soydaşlarımızla bağlı dəhşətli xəbərlər gəlir - bir az əvvəl məlum oldu ki, "OMON"un və Federal Təhlükəsizlik Xidmətinin (FSB) Yekaterinburqda işgəncəyə məruz qoyaraq qətlə yetirdikləri azərbaycanlıların sayı 5-ə çatıb! Bu, artıq bir nəslin kökünün kəsilməsi, soyqırımıdır, milli ayrı-seçkilikdir, nasizmdir. 21-ci əsrdə bir ölkənin rəsmi qurumu 25 il əvvəl törədildiyi iddia edilən cinayət hadisəsi ilə əlaqədar əməliyyat keçirən zaman insanları işgəncələrlə qətlə yetirirsə, bu, artıq o ölkədə cəngəllik qanunlarının hökm sürdüyünü göstərir.

Özü də bu cinayətlər o ölkənin vətəndaşlarına, yaxud keçmişdə vətəndaşı olmuş insanlarına qarşı törədilir ki, orada Rusiya rəhbərliyinin hər zaman etiraf etdiyi kimi, ruslar rahat yaşayır, rus dilində məktəblərin sayı yüzlərlədir, rus dilinə, mədəniyyətinə qarşı hər hansı dskriminasiya mövcud deyil. Bütün bunların mükafatınımı verirlər Rusiyadakı azərbaycanlılara?! Keçən ilin 25 dekabrında mülki təyyarəmiz Çeçenistan səmasında qəddarlıqla vuruldu, hətta pilotların vurulmuş təyyarəni yaxınlıqdakı hava limanlarından birinə endirmələrinə də imkan verilmədi. Dünyada ədalət olsaydı, təkcə bu fakta görə Rusiyanın məsul şəxsləri, mülki hava nəqliyyat vasitəsini hədəfə alanlar, sifarişçilər Beynəlxalq Məhkəmə qarşısında dayanmalı idi. Amma üstündən aylar keçib, Azərbaycanın haqlı tələblərinə əməl edilməyib, cinayətlər etiraf olunmayıb, günahkarlar cəzalandırılmayıb, kompensasiya verilməyib. Azərbaycan mülki təyyarəsinin vurulmasını unutmayacaq, Rusiyanın bu məsələdə hərəkətsizliyi heç cür  qəbul oluna bilməz! Dövlətimiz günahsız insanlarımıza qarşı terroru beynəlxalq müstəvidə inkişaf etdirəcək və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompsesasiyaların ödənilməsinə nail olacaq, buna şübhəmiz yoxdur. Yeri gəlmişkən, qətlə yetirilən, terrora məruz qalanlar arasında digər millətlərin, ölkələrin təmsilçiləri ilə yanaşı, rus millətindən olanlar da var idi. Amma Rusiyada belə faktlara məhəl qoyulsaydı, üç ildir Ukraynadakı ruslara sitəm eləməzdilər. Odur ki, Rusiyanın rus dili, mədəniyyəti, yaxud "Rus evi" ilə bağlı mövqeyi sadəcə görüntü xatirinədir, imperiya xisləti öz sözünü deyir...

Ümumiyyətlə, son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrı-seçkiliyin bariz nümunələridir. Qeyri-rusların sıxışdırılmasına "qanuni" zəmin hazırlananda artıq vəziyyətin getdikcə kritikləşəcəyi gözlənilən idi. Təsəvvür edin, Rusiyaya səfər edən şəxslər öncədən müvafiq qurumu məlumat verməli, bəzi sualları cavablandırmalıdır, yaxud onun rus dili bilikləri yoxlanılır. Xüsusilə də azərbaycanlılara qarşı vaxtaşırı tətbiq olunan repressiv dalğa Rusiyanın "qarnının ağrısı"nın olduğuna şübhə yeri qoymur. Bu ilin aprelində Azərbaycan Milli Məclisinin üzvü Azər Badamovu hava limanından geri qaytardılar, hansısa absurd iddialar əsasında. Hansısa şovinist Azərbaycanı təhdid edəndə buna normal yaşanışır, amma azərbaycanlı deputat dövlətimizin müdafiəsinə qalxdığı üçün "arzuolunmaz şəxs" hesab edilir, Rusiya Dövlət Dumasının üzvünə isə "molodes..." deyilir. Azərbaycanlı deputatın, özü də Rusiya ilə münasibətlərin inkişafında rolu olan parlament komissiyasının üzvünün Həştərxanda keçirilən tədbirə dəvət olunduğu halda, Rusiya ərazisinə buraxılmaması da bu ölkədə Azərbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir. 

Bu ilin əvvəlində Azərbaycanın bir sıra informasiya resurslarına qarşı kiberhücum təşkil olunması və bunun arxasında Rusiyanın dayanması barədə faktlar da ortaya qoyulmuşdu. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın "Azərbaycanın media resurslarına kiberhücumlar" mövzusunda keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramid Namazov fevralın 20-də bir sıra media resusrlara hücumlarla bağlı danışarkən demişdi ki, hücum texniki cəhətdən peşəkar səviyyədə həyata keçirilib. Sitat: "Kiberhücum Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilib. Təbii ki, bu təəssüf hissi doğurur". R.Namazov qeyd etmişdi ki, bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin konkret müddəalarına və əlaqələrin ruhuna zidddir. Aparılan kiberpsixologiya təhlilləri nəticəsində hücumun motivinin haradan qaynaqlandığına gəldikdə, bu barədə də rəsmi açıqlama verilmişdi: "Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi" və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib".

Budur, Rusiyadan Azərbaycana və azərbaycanlılara qarşı daha bir total hücuma start verilib! Azərbaycan dövləti hər zaman olduğu kimi, bu dəfə də vətəndaşına sahib çıxdığını nümayiş etdirib. Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb, hadisəni pisləyib. Rusiyanın səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfinə iyunun 27-də həmvətənlərin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib. Məsələnin araşdırılması, zorakılıq törödən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Təsəvvür edin, 5 nəfər qətlə yetiriləndən, onlarla azərbaycanlı ağır işgəncələrə məruz qalandan sonra Rusiya tərəfi açıqlama yayıb ki, sabah - 29 iyunda - Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək. Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13-50 nəfər azərbaycanlının saxlandığı bildirilir, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb. Qeyd olunub ki, saxlanılan 9 nəfərdən Kamal Səfərovun vəziyyəti ağırdır və hazırda xəstəxanadadır.

Rusiyada qardaşları və digər əzizləri vəhşicəsinə qətlə yetirilən həmkarımız, "525-ci qəzet"in baş redaktorunun müavini, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli həm də "Dünya ədəbiyyatı" dərgisinin baş redaktorudur, üstəlik rus nəşrinin tərcüməçisidir, indiyədək çoxlu sayda poeziya nümunələrini tərcümə edib. İndi onun Rusiya tərəfindən "mükafatlandırılması"na baxın...

Heç şübhə yoxdur ki, Yekaterinburqda törədilən cinayətlər özfəaiyyət deyil və yüksək səviyyədə idarə olunur. Bu, Azərbaycana, azərbaycanlılara qarşı açıq təhdiddir və hansısa mənfur plandan xəbər verir. Rusiyada yaşayan, ağır şərtlər altında işləyən azərbaycanlılara qarşı Ukrayna müharibəsi başlayandan bəri total hücumlar davam edir. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantlar narkotik, törətmədikləri cinayətlər , ailə üzvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir. Qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar. Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəman kimi göstərməyə çalışırlar. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və  səsləndirdiyi  statistikanın əsasında da bu həqiqətlər dayanır. Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval-ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artlq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Kremlə yaxın olan Solovyov kimi ünsürlərin açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosesin yuxarı səviyyədə himayə və idarə olunduğuna şübhə yeri qoymur.

Çox qəribədir, İsrail İranı hədəfə alır, zərbələr endirir, cənub qonşumuzdan ayrı-ayrı dairələr, media orqanları ölkəmizi hədəfə alır, İrəvandakı İran səfiri ünvanımıza çərənləyir. Yaxud şimal qonşumuz Ukrayna ilə müharibə aparır,

Zərərçəkən şəxslərin müsahibələri dəhşət saçır. Gecə saat 5-də qaramaskalılar evə zorakılıqla daxil olaraq, evdəkiləri qadın, uşaq, qoca demədən döyüblər, evi alt-üst ediblər, talançılar evdə nə varsa, oğurlayıblar. İşgəncə ilə üzləşən azərbaycanlı deyir ki, onları dəyənəklə, kəmərlə döyüblər, bədəninə elektrik cərəyanı veriblər, aşağılayıblar, "bura niyə gəlmisiniz?", deyərək qəddarlıqla döyüblər. Yaşı azərbaycanlını döyüb qabırğalarını qırıblar. Sonra da işgəncə verdikləri şəxslərin ərizə yazaraq Ukrayna ilə müharibəyə getmələrini tələb ediblər. Bütün bunların 2001-ci ildə guya baş vermiş hansısa cinayət hadisəsinə aidiyyatı varmı?! Bu, nə dövlətdir belə?

Mübaliğəsiz, Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrı-seçkikik, diskriminasiya və islamofobiya güclənir. Qərbə bütün istiqamətlərdə uduzan, Ukrayna bataqlığına düşərək buradan çıxa bilməyən Rusiyada da digər düşmən axtarışına başlanılıb. Kimlərsə bu ölkədə bütün dünyanı qarşısına almaq iddiasına düşüb və yeni gündəm yaradaraq onu inkişaf etdirirlər. Son zamanlar Rusiya Ermənistandakı "5-ci kolon"unu hərəkətə keçirib. Nikol Paşinyan Rusiyanın adamlarının kütləvi həbsinə başlayıb, Kreml havalanıb. Əlaltılarını Ermənistanda hakimiyyətə gətirməklə Cənubi Qafqaz regionunu yenidən müharinə arenasına çevirmək istəyən Moskva göz yaşlarına inanmadığını bir daha nümayiş etdirdi. Belə bir durumda Azərbaycana və azərbaycanlılara qarşı terrora əl atılması da Qafqaz planının tərkib hissəsidir. Rusiyada 2022-ci ilin 22 fevralında Moskvada imzalanmış müttəfiqlik müqaviləsinə zidd proses başlayıb və səngiyənə oxşamır...

Prezidentlərin imzaladığ müqavilənin 40-cı bəndi kobud şəkildə pozulub. Maddə 40: Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar.

Öhdəliyə necə əməl edildiyi göz qabağındadır. Faktiki olaraq Azərbaycan diasporuna qarşı terrora əl atılıb. Bu terroru sifariş edənlər, törədənlər cəzalandırılmalıdır!

Elşad PAŞASOY

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
7
olaylar.az

10Mənbələr