Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qətlə yetirilən bir ailə idi, öldürülən bir millət vicdanı
Ötən gün Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş verən hadisə təkcə kriminal xəbər deyil. Bu, bir xalqın qüruruna, varlığına, etnik kimliyinə qarşı yönəlmiş qəddar hücumdur. Azərbaycanlı bir ailənin, beş nəfərin amansızlıqla qətlə yetirilməsi Rusiyada baş qaldıran sistemli şovinizmin, etnik nifrətin və dövlət səviyyəsində laqeydliyin bariz nümunəsidir.
Bu hadisə “ailədaxili mübahisə” və ya “adi kriminal olay” kimi təqdim edilə bilməz. Yekaterinburqda baş verən qətl həm beynəlxalq qanunlarla, həm də təsnifatca soyqırımıdır.
Onlar sadəcə azərbaycanlı olduqları üçün öldürüldülər
Hadisənin bütün detalları göstərir ki, bu ailənin azərbaycanlı olması onların qətlə yetirilməsinin əsas səbəbidir. Onlar Rusiyada illərlə yaşasalar da, işləsələr də, vergi ödəsələr də, etnik kimliklərinə görə seçildilər və məhv edildilər.
Soydaşlarımıza əvvəlcə işgəncə verilməsi, onların qəddarcasına öldürülməsi, bədənlərinə zor tətbiqi və izlərin silinməsi cəhdləri göstərir ki, bu, qəfil cinayət deyil ola bilməz. Planlaşdırılmış, hədəflənmiş və nifrət motivli bir aktdır.
Xocalının kölgəsi Rusiyanın şəhərlərinə yayılır
Bu hadisə Azərbaycan xalqının tarixində ən qara səhifələrdən biri olan Xocalı soyqırımı ilə oxşarlıq təşkil edir. 1992-ci ilin fevralında Xocalıda baş verən dəhşətlər zamanı da azərbaycanlılar etnik mənsubiyyətlərinə görə, ailələr şəklində rusların və ermənilərin birgə planı ilə qətlə yetirilmişdi.
Bu gün Yekaterinburqda baş verənlər bir daha göstərir ki, o gün Xocalıda Azərbaycan xalqının başına gətirilən müsibətlərdə fəal iştirakçı olan Rusiya bu gün də dəyişməyib. Bu hadisə sadəcə cinayət deyil, tarixi təkrardır.
Rusiyada şovinizmin yeni mərhələsi başlayır, qorxu yaymaq
Yekaterinburq hadisəsi Rusiyada son aylarda miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı artan təzyiqlərin, rəsmi və qeyri-rəsmi strukturlar tərəfindən həyata keçirilən irqçi siyasətin məntiqi nəticəsidir. Müharibə üçün insan resursu axtaran Kreml bu məqsədlə Orta Asiyalıları, Qafqazlıları, xüsusən də azərbaycanlıları narkotiklə, yalan ittihamlarla və ailə təhdidiylə müharibəyə aparırdı. İndi isə təhdid mərhələsindən soyqırımı mərhələsinə keçid yaşanır.
Bu siyasətin arxasında məqsəd sadədir: Azərbaycanlıların Rusiya torpaqlarında qorxuyla yaşamasını təmin etmək, susdurmaq, köçməyə məcbur etmək.
Qətlə yetirilənlər soyqırımı qurbanları, millətin şəhidləridir
Yekaterinburqda öldürülən ailə üzvləri sadəcə cinayət qurbanı deyil. Onlar Azərbaycanın milli yaddaşına yeni soyqırımı şəhidləri kimi daxil olurlar. Necə ki, Xocalı qurbanları bu xalqın taleyinə yazıldı, eləcə də Yekaterinburq şəhidləri bizi ayıq olmağa, birliyə, haqsızlığa qarşı qətiyyətli durmağa çağırır.
Bu insanlar bir ailə idi, amma onların taleyi bütün azərbaycanlıların taleyidir.
Nə etməliyik?
Dövlət səviyyəsində hadisə soyqırımı aktı kimi tanınmalı, Rusiya tərəfinə diplomatik nota verilməlidir.
Azərbaycan diasporu, beynəlxalq təşkilatlar bu cinayətin beynəlxalq gündəmə çıxarılması üçün kampaniyaya başlamalıdır.
Medianın və ictimai xadimlərin bu mövzuya davamlı diqqət çəkməsi təmin olunmalıdır.
Rusiya azərbaycanlılarının təhlükəsizliyi məsələsi prioritet xarici siyasət məsələsinə çevrilməlidir.
Xocalıdan Yekaterinburqa
Bu millət nə Xocalını unudub, nə də Yekaterinburq qurbanlarını unudacaq. Onlar bizim vicdanımızda, tariximizdə, mübarizə ruhumuzda yaşayacaqlar. Çünki azərbaycanlı öldürmək asan ola bilər, amma Azərbaycan xalqını sındırmaq mümkün deyil.
Biz bir ailənin qanına susayanlara qarşı bir millət olaraq birləşəcəyik.
Elnur Əmirov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.