EN

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) nümayəndə heyəti Xankəndi şəhərinə səfər çərçivəsində Qarabağ Universitetində olub, ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov və Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirib.

Əvvəlcə nümayəndə heyəti universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr üçün yaradılmış müasir akademik mühitlə yaxından tanış olub. Eyni zamanda ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının fəaliyyəti, maddi-texniki baza və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.

Görüşdə qonaqları salamlayan Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişaf strategiyası, təhsil imkanları və qarşıya qoyulan əsas hədəflər barədə danışıb. Rektor bildirib ki, Qarabağ Universitetində müasir təhsil standartlarına uyğun yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.

Kollegiya sədri Anar Bağırov səmimi qəbula görə minnətdarlığını bildirərək iştirakçıları salamlayıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Qarabağ Universitetinin böyük qürur mənbəyi olduğunu vurğulayıb. Qeyd edilib ki, universitet bölgənin yüksəkixtisaslı kadr tələbatının ödənilməsində mühüm rol oynayır. Tarixən bu torpaqlarda kök salmış təhsil ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da universitetin strateji əhəmiyyəti danılmazdır.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tələbələrlə görüş zamanı isə Anar Bağırov ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində həyata keçirilən müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sədr son illərdə VK-da aparılan institusional islahatlardan, vəkil korpusunun genişləndirilməsindən, davamlı tədris və peşəkar hazırlıq proqramlarından danışaraq vəkillərin insan hüquq və azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin olunmasında və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynadıqlarını vurğulayıb.

Həmçinin görüşdə Anar Bağırov tələbələrlə peşə təcrübəsini bölüşərək vəkillik institutunun tarixi inkişaf yolu, hüquqi yardımın əlçatanlığının artırılması, regionlarda hüquqi xidmət imkanlarının genişləndirilməsi və gənc hüquqşünasların peşəyə cəlb olunması istiqamətində görülən işlər barədə təqdimatla çıxış edib.

Diqqətə çatdırılıb ki, Kollegiya tərəfindən həyata keçirilən layihələrin mühüm hissəsi gənclərin hüquqi biliklərinin artırılmasına, onların peşəkar inkişafına və vəkillik peşəsinə marağının gücləndirilməsinə yönəlib. Bildirilib ki, hazırda vəkilliyə qəbul olunan hüquqşünasların əhəmiyyətli hissəsini gənclər təşkil edir və onların fəal iştirakı institutun inkişafına yeni dinamika qazandırır.

Chosen
8
11
aznews.az

10Sources