AZ

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

2026-cı il mayın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov və Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirib.
Əvvəlcə nümayəndə heyəti universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr üçün yaradılmış müasir akademik mühitlə yaxından tanış olub. Eyni zamanda ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının fəaliyyəti, maddi-texniki baza və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.
Görüşdə qonaqları salamlayan Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişaf strategiyası, təhsil imkanları və qarşıya qoyulan əsas hədəflər barədə danışıb. Rektor bildirib ki, Qarabağ Universitetində müasir təhsil standartlarına uyğun yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.
Kollegiya sədri Anar Bağırov səmimi qəbula görə minnətdarlığını bildirərək iştirakçıları salamlayıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Qarabağ Universitetinin böyük qürur mənbəyi olduğunu vurğulayıb. Qeyd edilib ki, universitet bölgənin yüksəkixtisaslı kadr tələbatının ödənilməsində mühüm rol oynayır. Tarixən bu torpaqlarda kök salmış təhsil ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da universitetin strateji əhəmiyyəti danılmazdır.  
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tələbələrlə görüş zamanı isə Anar Bağırov ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində həyata keçirilən müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub.
Sədr son illərdə VK-da aparılan institusional islahatlardan, vəkil korpusunun genişləndirilməsindən, davamlı tədris və peşəkar hazırlıq proqramlarından danışaraq vəkillərin insan hüquq və azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin olunmasında və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynadıqlarını vurğulayıb.  
Ətraflı: https://barassociation.az/news/1993
Seçilən
2
10
sabahinfo.az

10Mənbələr