EN

Nazir Qarabağ və Şərqi Zəngəzurun bərpasından danışdı

"Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi, iqlim dəyişmələri və ekoloji problemlər dövlətləri daha dayanıqlı və uzunmüddətli yanaşmalar tətbiq etməyə sövq edib".

"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişmələrinin nəticələri dünyanın hər yerində hiss olunur: 

"Quraqlıqlar, su qıtlığı, ekstremal təbiət hadisələri - meşə yanğınları, daşqınlar, dəniz səviyyəsinin qalxması, daxili su hövzələrinin azalması, buzlaqların əriməsi, eləcə də torpaqların deqradasiyası və biomüxtəlifliyin itirilməsi bu təsirlərin ən bariz nümunələridir.  

Şəhərlərimiz də bu hadisələrin təsirinə məruz qalır. Artıq şəhərlərin inkişafı və məskunlaşmanın təmin edilməsi yalnız iqtisadi göstəricilərlə deyil, həm də ətraf mühitin qorunması, sosial rifah və iqlim dayanıqlılığı prinsipləri nəzərə alınmaqla planlaşdırılmalıdır. İndiki və gələcək nəsillərin tələbatını ödəmək üçün  “yaşıl” texnologiyaların tətbiqi, enerjidən səmərəli istifadə, habelə dairəvi iqtisadiyyata və rəqəmsal idarəetməyə keçid zəruridir. 
Şəhərlərimizin gələcəyi torpaqların və digər təbii resursların istifadəsi, infrastruktur, yaşayış sahələri ilə bağlı verilən strateji qərarlardan, plan və proqramlardan birbaşa asılıdır".

Nazir bildirib ki, “Azərbaycan 2030: Milli Prioritetlər” sənədində “yaşıl artım” iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

"Yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanın yaradılması əsas 5 hədəfdən biridir. Bu baxımdan yaşıl iqtisadiyyatın əsas komponenti olan Strateji Ekoloji Qiymətləndirmənin planlamada tətbiqi mühüm ekoloji idarəetmə alətidir. Strateji Ekoloji Qiymətləndirmə “Dayanıqlı şəhərlər və icmalar” və “İqlim fəaliyyətləri” kimi Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edən hədəflərimizin, eləcə də iqlim öhdəliklərimizin icrasının planlaşdırma mərhələsində izlənməsinə imkan verir.

Paris Sazişi çərçivəsində milli hədəflərimiz “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədində  əks olunmuşdur. Ölkəmiz 2035-ci ilədək istilik effekti yaradan qazların emissiyalarının 40% azaldılması öhdəliyini götürmüşdür. 
Strateji Ekoloji Qiymətləndirmə planlaşdırmada mövcud strateji sənədlərlə uzlaşmanı tələb edir. Bu yanaşma ilə biz gələcək fəaliyyətlərimizin karbon izini və potensial ekoloji risklərini əvvəlcədən müəyyən edə, alternativ inkişaf variantlarını düzgün, elmi əsaslı məlumatlar əsasında qiymətləndirə, resurslardan səmərəli istifadə edə bilirik.

“Böyük Qayıdış Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində ekosistemlərin bərpası, münaqişə dövründə zərər görmüş ərazilərin və şəhərlərin yenidən canlandırılması fəaliyyətlərində Strateji Ekoloji Qiymətləndirmənin şəhər planlaşdırılmasına tətbiqi ətraf mühit, sosial və iqtisadi amillərin nəzərə alınmasında vacib rol oynamışdır. 

Bu gün dünyada, o cümlədən Şərqi Avropa və Cənubi Qafqaz regionunda Strateji Ekoloji Qiymətləndirmənin tətbiqinə maraq artmaqdadır. Azərbaycanda bu istiqamətdə, xüsusilə şəhərsalma sahəsində geniş təcrübə formalaşıb.
BMT-nin Avropa üzrə İqtisadi Komissiyası bu alətin qlobal təşviqində mühüm rol oynayır və bu istiqamətdə ölkəmizlə birgə uğurlu fəaliyyəti mövcuddur. 

Məlumdur ki, Azərbaycan beynəlxalq və regional səviyyədə ətraf mühit üzrə əməkdaşlığa ciddi töhfələr vermişdir. Ölkəmiz ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir. Hazırda Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulmuşdur. Bunların sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliyyət göstərən bir sıra beynəlxalq konvensiyalar yer alır".

R.İsmayılov qeyd edib ki, 2024-cü ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri İclasının  29-cu sessiyasına - COP29-a uğurla ev sahibliyi etdi:

"COP29-un nəticəsi olaraq bütün ölkələr İtki və Zərər Fondunun fəaliyyətə başlaması barədə razılığa gəldilər, Adaptasiya üzrə Yol Xəritəsi qəbul edildi,  Bakı Maliyyə Hədəfi müəyyən edildi.  

Cari ilin 7-11 sentyabrında Konvensiyanın mandatı altında Bakı İqlim həftəsi keçiriləcəkdir. Növbəti COP31 Konfransına ev sahibliyi edəcək qardaş Türkiyəyə uğurlar arzulayırıq. Həmçinin, bu ilin 5 iyun tarixində Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəkdir.  Biz Dünya ictimaiyyətini “Təbiətdən ilhamlanaraq: İqlim naminə. Gələcəyimiz naminə” şüarı altında fəaliyyətə səsləyirik. 

Hesab edirəm ki, bugünkü müzakirələr Strateji Ekoloji Qiymətləndirmənin  yalnız ekoloji mühafizə vasitəsi deyil, həm də dayanıqlı şəhər inkişafı üçün vacib siyasət aləti kimi əhəmiyyətini bir daha nümayiş etdirəcəkdir".

Anar Kəlbiyev

Chosen
7
1
unikal.az

9Sources