AZ

Nazir: Azərbaycan BMT-nin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən bütün əsas təsisatları ilə əməkdaşlıq edir

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan beynəlxalq və regional səviyyədə ətraf mühit üzrə əməkdaşlığa ciddi töhfələr verib.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.

Ölkəmizin BMT-nin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq etdiyini diqqətə çatdıran nazir deyib: "Hazırda Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub. Bunların sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliyyət göstərən bir sıra beynəlxalq konvensiyalar yer alır. 2024-cü ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri İclasının 29-cu sessiyasına - COP29-a uğurla ev sahibliyi etdi. COP29-un nəticəsi olaraq bütün ölkələr İtki və Zərər Fondunun fəaliyyətə başlaması barədə razılığa gəldilər, Adaptasiya üzrə Yol Xəritəsi qəbul edildi, Bakı Maliyyə Hədəfi müəyyən edildi. Bu ilin 7-11 sentyabrında Konvensiyanın mandatı altında Bakı İqlim həftəsi keçiriləcək. Növbəti COP31 Konfransına ev sahibliyi edəcək qardaş Türkiyəyə uğurlar arzulayırıq. Həmçinin iyunun 5-də Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Biz Dünya ictimaiyyətini “Təbiətdən ilhamlanaraq: İqlim naminə. Gələcəyimiz naminə” şüarı altında fəaliyyətə səsləyirik. Hesab edirəm ki, bugünkü müzakirələr Strateji Ekoloji Qiymətləndirmənin yalnız ekoloji mühafizə vasitəsi deyil, həm də dayanıqlı şəhər inkişafı üçün vacib siyasət aləti kimi əhəmiyyətini bir daha nümayiş etdirəcək”.

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Videooperator - Mirrəsul Cəfərov
Seçilən
0
1
azertag.az

9Mənbələr