ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Nikol Paşinyanın son dövrlərdə sosial şəbəkələrdə daha qeyri-adi, bəzən populist və emosional paylaşımlar etməsi müzakirə mövzusuna çevrilib. Bəzi müşahidəçilər bunu onun seçkiqabağı kampaniyasını gücləndirməsi, digərləri isə hakimiyyət daxilində artan təzyiqlərə cavab verməsi kimi şərh edir. Xüsusilə kilsə ilə gərginlik və daxili müxalifətin aktivləşməsi fonunda bu paylaşımlar onun mövqeyini möhkəmləndirməyə yönəlmiş siyasi kommunikasiya kimi dəyərləndirilir.Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, Paşinyan son vaxtlar öz açıqlamaları ilə praqmatik mövqedən çıxış etdiyini nümayiş etdirir:"İlk növbədə bəyan edir ki, Ermənistan artıq başqalarının alətinə çevrilməməlidir və öz maraqları üçün siyasət yürüdən ölkə olmalıdır. Bu da onu göstərir ki, Paşinyan Ermənistanı Rusiyadan tamamilə uzaqlaşdırmaq niyyətində ciddi şəkildə israrlıdır. Paşinyan hakimiyyəti hesab edir ki, Ermənistanın indiki problemlərinin böyük əksəriyyəti bu ölkənin, yəni Ermənistanın Rusiya üçün forpost rolunu oynaması ilə bağlıdır. Məhz Rusiyanın forpostu olması Ermənistan və Azərbaycan arasındakı münasibətlərin həmişə hərbi gərginlik səviyyəsində qalmasına səbəb olub. Onilliklər boyu Ermənistan Rusiyanın təlimatı ilə Cənubi Qafqazda hərbi gərginliyi ən yüksək səviyyədə saxlamağa cəhd göstərib.Ancaq Paşinyan hakimiyyəti bütün bunları dəyişməyə üstünlük verir. Hesab edir ki, Azərbaycanla sülh, Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın inkişaf perspektivlərinin önünü aça bilər. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla hərbi təhlükəsizlik problemini birdəfəlik həll edə bilər və Qərbə inteqrasiya yolunda daha effektiv addımlar ata bilər".Politoloq deyib ki, Paşinyan bəyan edir ki, Azərbaycan və Ermənistan arasında sülhün təminatında hansısa kənar vasitəçinin və ya qurumun qarant rolunu oynamasına ehtiyac yoxdur:"Burada əsas vurğu ondan ibarətdir ki, münasibətlər normallaşarsa və hazırda ilk addımları atılan iqtisadi-ticarət əlaqələri yüksək səviyyəyə çatdırılarsa, sülhün təminatı iki ölkənin birbaşa əməkdaşlığı ilə mümkün ola bilər. Yəni Paşinyanın fikrincə, iqtisadi-ticarət münasibətləri sülhün əsas qarantı rolunu oynaya bilər. Bu da praqmatik və realist yanaşma kimi qiymətləndirilir.İndiyə qədər Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın əsas səbəblərindən biri kimi Ermənistanın Rusiyanın təlimatlarına uyğun hərəkət etməsi göstərilir. Əgər bundan sonra Ermənistan Rusiyanın təsirindən uzaqlaşıb Azərbaycanla hərbi qarşıdurma yolunu seçməzsə, sülh prosesi də daha böyük uğur qazana bilər. Beləliklə, iki ölkə arasında sabit münasibətlərin formalaşması, iqtisadi-ticarət əlaqələrinin inkişafı və qarşılıqlı fayda imkanlarının genişlənməsi mümkün ola bilər.Yəni, Paşinyan seçkiqabağı dövrdə seçicilərinə sülh və sabitlik mesajları verir. Təbii ki, buna qarşı Ermənistanda kifayət qədər ciddi müqavimət qüvvələri mövcuddur. Rusiyaya yaxın qruplar fərqli, yəni gərginliyin davam etməsində maraqlı olduqlarını gizlətmirlər. Belə görünür ki, növbəti parlament seçkilərində məhz bu iki cinah arasında kəskin siyasi qarşıdurma gözlənilir və Paşinyan cəmiyyətə sülh və sabitlik seçimini təklif edir",- deyə o qeyd edib.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.