EN

Türküstan Zirvəsi Türk dünyasının həmrəyliyinin daha da möhkəmlənməsinə töhfədir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 may, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının bu günlərdə Qazaxıstanın Türküstan şəhərində qeyri-rəsmi Zirvə görüşü keçirildi. Hər bir görüş bütün dövrlər üçün aktuallığını qoruyan Türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsinə töhfədir. Bu görüşlər, eyni zamanda, Azərbaycanın bu birliyə verdiyi töhfələrin, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən təşəbbüslərinin təqdimatında əhəmiyyətli rol oynayır. Reallıq budur ki, Azərbaycanın təşəbbüsləri, irəli sürdüyü regional layihələr və təşkilat daxilində fəal diplomatik fəaliyyəti TDT-nin institusional inkişafına, əməkdaşlıq mexanizmlərinin genişlənməsinə və Türk dünyasında siyasi həmrəyliyin güclənməsinə stimul verir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyevin çağırışlarında bu məqamlar da xüsusi qeyd edilir ki, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq.

Türküstan Zirvə görüşü bir daha bu məqamlara aydınlıq gətirdi. Azərbaycan Prezidenti çıxışında öncə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə, o cümlədən Qazaxıstanla ikitərəfli əlaqələrimizin yüksələn xətlə inkişafında qarşılıqlı səfərlərin rolunu vurğuladı. Diqqətə çatdırdı ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan olub. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır. Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, Azərbaycan Prezidentinin Qazaxıstana səkkizinci səfəridir. Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər edib. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yolu fonunda qarşıdakı dövr üçün çağırışlar öz əksini tapıb. Diqqəti Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyinə yönəldən Prezident İlham Əliyev tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkil ediləcəyini bildirdi. Türk dünyasının həmrəyliyinə yönələn addımlar sırasında türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin iyun ayında Bakıda keçiriləcəyi də vurğulandı.

Malik Həsənov bildirib ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində davamlı addımlar atılır: “Təşkilata üzv dövlətlər arasında əlaqələrin inkişafı üçün bütün imkanlar mövcuddur. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzindədir. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması, tranzit və logistika imkanlarının genişləndirilməsi türk dövlətlərinin iqtisadi əlaqələrinin güclənməsinə mühüm töhfə verir. Enerji sahəsində əməkdaşlıq da Türk Dövlətləri Təşkilatı çərçivəsində prioritet istiqamətlər sırasında yer alır. Azərbaycan zəngin enerji resursları ilə regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, yaşıl enerji gündəliyi və bərpaolunan enerji sahəsində əməkdaşlıq türk dövlətləri arasında yeni strateji istiqamətlərdən biridir. Türk xalqlarının ortaq tarixi-mədəni irsinin qorunması, təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, gənclər və media platformalarının inkişafı təşkilatın humanitar gündəliyində mühüm yer tutur. Göründüyü kimi, Türk dünyasının birliyi, Türk Dövlətləri Təşkilatının çoxtərəfli əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylər daha da artırılır, yeni prioritetlər müəyyənləşdirilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
2
azertag.az

10Sources