AZ

Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzinə çevrilir

Mayın 15-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı tədbirdəki çıxışında bildirib: “Qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində olmaqdan çox məmnunam. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”.
Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Bu səfər son 5 ildə cənab Prezidentin Qazaxıstana 8-ci səfəridir. Prezident Tokayev isə Azərbaycana 6 dəfə səfər edib. 4 il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələri müttəfiqlik səviyyəsinə qaldırıb. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq ənənəyə çevrilir.
Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir.
Azərbaycan Prezidenti Bakıda keçiriləcək tədbirlərə də toxunub: “Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək.
“Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək”.
Prezident İlham Əliyev qlobal tendensiyalara da diqqət çəkib: “Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.
Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır.
Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılıb. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.
Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.
Azərbaycan Prezidenti türk dövlətləri ilə əməkdaşlığın güclənməsinə də toxunub: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.
Görüşdən sonra TDT-nin qeyri-rəsmi Zirvə görüşünün iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər. Bildirilib ki, layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.
Göründüyü kimi, türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq və inteqrasiya güclənir. Lakin qeyd edildiyi kimi, potensial daha böyükdür və bundan sonra təşkilat üzvləri arasında daha yüksək səviyyəyə qalxacaq. Avropadan Çinə qədər olan ərazini əhatə edən TDT dünyanın siyasi və iqtisadi proseslərində aparıcı mərkəzlərdən birinə çevrilə bilər. Avrasiyanın mərkəzində yeni bir güc mərkəzi peyda olub və digər oyunçular artıq bu təşkilatla hesablaşmağa məcbur olacaq. TDT-nin güclənməsi və qlobal nüfuzunun artması həm ölkəmizin, həm də üzv ölkələrin qüdrətlənməsinə töhfə verəcək.
Azərbaycan türk dünyasının mərkəzində yerlşir. Bu strateji mövqe ilə yanaşaı həm də Azərbaycan Prezidentinin apardığı siyasət ölkəmizin qlobal nüfuzunu artırır və türk ailəsinin mərkəzində dayanan bir güc mərkəzinə çevirir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

Seçilən
51
1
veteninfo.az

10Mənbələr