EN

ABŞ və İran arasında gərginlik artdı: Hörmüz boğazında yeni hadisələr

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ qüvvələrinin Hörmüz boğazında iki İran neft tankerini hədəf alaraq zərərsizləşdirdiyi bildirilir. Hadisənin İran qüvvələri ilə qarşılıqlı atışmadan sonra baş verdiyi qeyd olunur. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri İran tərəfindən yeni raket və dron hücumlarının həyata keçirildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu hadisələr ABŞ-ın “hələ də qüvvədə olduğunu” iddia etdiyi kövrək atəşkəsə dair şübhələri daha da artırıb. Vaşinqton İranın təqdim etdiyi və boğazın açılması, eləcə də nüvə proqramı ilə bağlı güzəştləri nəzərdə tutan təklifə cavab gözləyir. ABŞ Dövlət katibi Marko Rubio yaxın zamanda İrandan “ciddi təklif” alacağına ümid etdiyini bildirib.

ABŞ ordusu bəyan edib ki, İran tankerleri Amerika blokadasını yarmağa cəhd göstərdiyi üçün zərərsizləşdirilib. Bundan əvvəl isə üç ABŞ hərbi gəmisinə edilən hücumların qarşısının alındığı və İranın bəzi hərbi obyektlərinə zərbələr endirildiyi açıqlanmışdı.

Məlumata görə, İran son həftələrdə Hörmüz boğazında nəzarəti gücləndirib və bu, qlobal enerji bazarında ciddi qiymət artımına səbəb olub. ABŞ isə İran limanlarına blokada tətbiq etdiyini bildirib.

Eyni zamanda BƏƏ Müdafiə Nazirliyi İran tərəfindən atılan iki ballistik raket və üç dronun qarşısının alındığını, lakin üç nəfərin yaralandığını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərdə İran tankerinin ABŞ qırıcısı tərəfindən vurulduğunu göstərən kadrları paylaşıb. Daha əvvəl də bir tankerə hücum edildiyi və onun sükan hissəsinin sıradan çıxarıldığı bildirilmişdi.

ABŞ tərəfi İranın hərbi obyektlərinə zərbələr endirildiyini, lakin Amerika gəmilərinin zərər görmədiyini vurğulayıb. Prezident Donald Tramp atəşkəsin davam etdiyini desə də, İran razılaşma qəbul etməzsə, genişmiqyaslı hərbi əməliyyatların bərpa oluna biləcəyini bildirib.

İran Xarici İşlər Nazirliyi isə ABŞ-ı atəşkəsi pozmaqda və diplomatik həll imkanlarını sabotaj etməkdə ittiham edib.

Eyni zamanda Hörmüz boğazı yaxınlığında neft sızması müşahidə edilib. Peyk görüntülərinə əsasən, Xarq adası yaxınlığında təxminən 71 kvadrat kilometr əraziyə yayılmış neft ləkəsi qeydə alınıb. Sızmanın təxminən 80 min barel neftə bərabər olduğu ehtimal edilir. Hadisənin səbəbi hələlik məlum deyil.

Ekspertlərin fikrincə, bu sızma Körfəz ölkələrinin sahillərinə çatmasa da, dəniz ekosisteminə ciddi risk yarada bilər.

ABŞ rəsmiləri isə Hörmüz boğazında yaranmış vəziyyətin beynəlxalq ticarət və enerji daşımaları üçün ciddi təhlükə yaratdığını bildirir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
50
icma.az

10Sources