AZ

BƏƏ Hörmüzdən yan keçən neft kəməri tikir: 2027-dək başa çatmalıdır

BƏƏ Hörmüzdən yan keçən neft kəməri tikir: 2027-dək başa çatmalıdır

Birləşmiş Ərəb Əmirlikləri davam edən münaqişə və strateji su yolunun mümkün uzunmüddətli blokadası şəraitində neft ixracının kəsilməzliyini təmin etmək üçün 2027-ci ilə qədər Hörmüz boğazından yan keçən yeni neft kəmərinin tikintisini yekunlaşdıracağını elan edib.

AFN.az xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, müharibə başlamazdan əvvəl dünya üzrə dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş qazın təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı artıq hardasa 11 həftədir ki, faktiki olaraq blokadadadır və bu vəziyyət dünya bazarında enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb olub və Fars körfəzi ölkələrinin iqtisadiyyatına təzyiqi gücləndirib.

Vəliəhd şahzadə Xalid bin Məhəmməd bin Zayed Al Nəhyan dövlət neft şirkətinə əvvəllər açıqlanmayan bu layihənin icrasını sürətləndirməyi tapşırıb. Yeni boru kəməri nefti ölkənin daxili rayonlarından Oman körfəzi sahilindəki Fuceyra limanına çatdıracaq. Gözlənilir ki, yeni marşrut BƏƏ-nin hazırda fəaliyyət göstərən və gündəlik 1,8 milyon barel ötürmə gücü olan Xabşan—Fuceyra neft kəməri vasitəsilə ixrac imkanlarını ikiqat artıracaq və beləliklə, ümumi buraxılış gücü gündə 3,6 milyon barelə çatacaq.

Fevralın 28-də ABŞ və İsrailin endirdiyi zərbələrdən dərhal sonra İranın tankerlərin keçidini bağlaması ilə mövcud boru kəməri əsas xilasetmə yoluna çevrilib. Hazırda regionda yalnız BƏƏ və Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçməklə neft ixrac etməyə imkan verən boru kəməri infrastrukturuna malikdir.

İkinci neft kəmərinin tikintisini sürətləndirmək qərarı BƏƏ-nin 60 illik üzvlükdən sonra OPEK-dən çıxmasından bir neçə həftə sonraya təsadüf edir. Bu addım yüksək qiymətləri saxlamaq üçün hasilatın sərt şəkildə məhdudlaşdırılmasını dəstəkləyən Səudiyyə Ərəbistanı ilə dərinləşən fikir ayrılıqlarının göstəricisidir. Karreldən çıxmaq BƏƏ-yə münaqişə bitdikdən sonra hasilat və ixracı artırmağa imkan verəcək, həmçinin boğazın blokadası uzanacağı təqdirdə ölkəyə tədarükü artırmaq şansı yaradacaq. Müqayisə üçün qeyd edək ki, Səudiyyə Ərəbistanı öz boru kəmərləri vasitəsilə Qırmızı dənizdəki Yanbu limanına gündəlik təxminən 7 milyon barel neft nəql edə bilir ki, bunun da 5 milyon bareli ixrac olunur.

Seçilən
59
50
afn.az

10Mənbələr