“El Jardinero” ləqəbli Audias Floresin ABŞ-yə ekstradisiyası müzakirə olunur...
Poliqon xəbər verir ki, Meksika xüsusi təyinatlıları “Xalisko Yeni Nəsil” kartelinin (CJNG) komandirlərindən biri hesab edilən Audias Floresi saxlayıblar.
“El Jardinero”, yəni “Bağban” ləqəbi ilə tanınan Floresin ABŞ-yə ekstradisiyası hazırda müzakirə olunur. ABŞ-də onun tutulmasına görə 5 milyon dollar mükafat təyin edilmişdi.
Meksikanın təhlükəsizlik naziri Omar Qarsia Harfuş bildirib ki, əməliyyat Nayarit ştatında ABŞ kəşfiyyatının dəstəyi ilə keçirilib. Meksika Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Flores El-Mirador bölgəsindəki daxmanın yaxınlığında, drenaj kanalında aşkarlanıb. Onu 60-dan çox silahlı döyüşçünün qorumağa çalışdığı bildirilir.
Əməliyyata 500 hərbçi və aviasiya cəlb edilsə də, saxlanılma silah tətbiq edilmədən həyata keçirilib.
Reuters Agentliyinin məlumatına görə, Audias Flores CJNG kartelinin iyerarxiyasında əsas fiqurlardan biri və fevralda öldürülən “El Menço”nun mümkün varisi hesab olunurdu.
Ekspertlər bildirirlər ki, Floresin həbsi kartelin fəaliyyətinə əvvəlki liderin ölümündən daha ciddi zərbə vura bilər. Buna səbəb onun narkotik laboratoriyaları şəbəkəsinə və ABŞ-yə narkotik tədarükü kanallarına nəzarət etməsi göstərilir.
Poliqon.info