“Valideynlərin övladlarına, müəllimlərin şagirdlərə qarşı fiziki və psixi zorakılıq hallarının qarşısını almaq məqsədilə 200 manat cərimə tətbiqi ilə bağlı qanunun qüvvəyə minməsi cəmiyyətin ən həssas mövzularından birinə çevrilib”.
Bunu Publika.az-a açıqlamasında V çagırış millət vəkili Dilarə Cəbrayılova deyib.
Onun sözlərinə görə, bu məsələ həm hüquqi, həm də sosial baxımdan diqqətlə tənzimlənməsi olan həssas sahədir.
Sabiq deputat hesab edir ki, qeyd olunan cərimənin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur:
“İlk növbədə, cərimənin tətbiqi zorakılığın qarşısının alınmasına yönəlmiş preventiv addım kimi qiymətləndirilə bilər. Maddi məsuliyyət hissi insanların davranışına birbaşa təsir göstərir. Müəllim və ya valideyn öz hərəkətinin hüquqi nəticə doğuracağını bildikdə, zorakı davranışdan çəkinə bilər. Bu, xüsusilə emosiyaların idarə olunmasında çətinlik çəkən şəxslər üçün müəyyən qədər çəkindirici rol oynayır. Eyni zamanda, belə cərimələr uşaqların hüquqlarının qorunduğunu göstərərək cəmiyyətdə maarifləndirmə funksiyası daşıyır. Digər müsbət cəhət ondan ibarətdir ki, bu tip tədbirlər zorakılığın “normal” hesab edilməsi stereotipini sarsıdır. Tərbiyə məqsədilə sərt davranışın qəbul edilməsi yolverilməzdir. Cərimə tətbiqi isə açıq mesaj verir ki, uşaqlara qarşı zorakılıq heç bir halda məqbul deyil və hüquqi məsuliyyət yaradır”.