EN

Tramp: İranla yeni razılaşma “xeyli yaxşı” olacaq

ABŞ Prezidenti Donald Tramp İranla əldə oluna biləcək yeni razılaşmanın Barak Obama və Co Bayden dönəmində imzalanmış, JCPOA kimi tanınan nüvə sazişindən qat-qat üstün olacağını bəyan edib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə yaydığı açıqlamada əvvəlki razılaşmanı ABŞ təhlükəsizliyi baxımından ən uğursuz sövdələşmələrdən biri adlandırıb.

Onun sözlərinə görə, həmin saziş İranın nüvə silahına sahib olmasına aparan “zəmanətli yol” idi. Tramp bildirib ki, hazırda üzərində işlənən mümkün yeni razılaşma isə belə bir ssenarinin qarşısını alacaq və buna imkan verməyəcək.

ABŞ lideri Obama administrasiyasını da kəskin tənqid edib. O iddia edib ki, əvvəlki razılaşma çərçivəsində İran rəhbərliyinə 1,7 milyard dollar nağd vəsait göndərilib, üstəlik Tehrana yüz milyardlarla dollar ödəniş edilib.

Tramp həmçinin vurğulayıb ki, əgər o, vaxtilə həmin sazişə son verməsəydi, İranın əldə edəcəyi nüvə silahları İsrailə, Yaxın Şərqə və ABŞ-nin bölgədəki hərbi bazalarına qarşı istifadə oluna bilərdi.

Ağ Ev rəhbəri əlavə edib ki, onun liderliyi ilə İranla yeni razılaşma baş tutarsa, bu sənəd yalnız İsrail və Yaxın Şərq üçün deyil, Avropa, ABŞ və ümumilikdə bütün dünya üçün sülh, təhlükəsizlik və sabitlik vəd edəcək.

 

Musavat.com

Chosen
66
12
musavat.com

10Sources