ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə oluna biləcək yeni saziş əvvəlki razılaşmalardan daha effektiv olacaq.
Bu barədə Tramp “Truth” sosial şəbəkəsində paylaşımında qeyd edib.
Tramp bildirib ki, əvvəlki İran nüvə sazişi Barak Obama və Co Bayden administrasiyaları dövründə imzalanmış və ABŞ-nin təhlükəsizliyi baxımından “ən pis sövdələşmələrdən biri” olub.
Trampın sözlərinə görə, həmin razılaşma İranın nüvə silahına sahib olmasına zəmanətli yol açırdı. O iddia edib ki, saziş çərçivəsində İrana böyük həcmdə maliyyə vəsaiti ayrılıb, o cümlədən 1,7 milyard dollar nağd vəsait təyyarə ilə göndərilib.
ABŞ Prezidenti vurğulayıb ki, onun təşəbbüsü ilə əldə ediləcək yeni razılaşma təkcə İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropa və ABŞ üçün sülh, təhlükəsizlik və sabitliyə xidmət edəcək.
“Əgər belə bir saziş baş tutarsa, bu, dünyanın fəxr edəcəyi bir nəticə olacaq və uzun illər davam edən uğursuz siyasətin əvəzini çıxacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alıb.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Trend