“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 27-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox acı məğlubiyyət oldu. Hamı bilir ki, “İmişli” böyük qüvvə ilə müdafiə olunan komandadır. Rəqib səhv edən kimi, bundan çox yaxşı istifadə edirlər. Bu, qışdan sonra onların ilk qələbəsi idi. Onlara qarşı bu cür səhv etmək olmaz. Təəssüf ki, standart vəziyyət zamanı səhvə yol verdik. Topa nəzarət edirdik, rəqibin cərimə meydançasına daxil olurduq, sadəcə, sonluq yox idi. Azarkeşlər narahat olurlar, onları da başa düşürük. “Qəbələ”nin bu durumda olması onları da narahat edir. Çempionatın sonuna 6 tur qalıb. Hər şeyi edəcəyik ki, Premyer Liqada qalaq. Bu matçda sonluğu heç cürə gətirə bilmədik.
Özümüz də bilirik ki, səhvlərimiz hardadır. “Qəbələ”nin problemi indi yox, Premyer Liqanı tərk edəndə başlamışdı. Amma biz geri qayıtdıq. Birinci Liqada 17 xallıq fərqlə çempion olduq. Ya gərək çempion olan komandanı dağıdıb tamamilə legionerlərdən ibarət heyət qurardıq. Bu da düzgün deyildi. Çünki bizi çempion edən futbolçulara şans verməliydik. Ona görə heyəti dağıtmadıq. “Qəbələ” bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində oynayırdı. İndi isə məqsəd liqada qalmaqdır. Bu gün kimsə desə ki, “İmişli” bizdən yaxşı oynadı, bununla razı olmaram. Çünki cəmi 2-3 dəfə cərimə meydançamıza daxil oldular. Biz Birinci Liqadakı heyətimizin 95 faizini saxladıq. Həmin vaxt da hamı razı idi ki, o futbolçuların əməyi olub, onları saxlamaq lazımdır. Bir az bəxt də gətirmir. 20-30 ildir məşqçilik edirəm. Müəyyən şeyləri üzərimizə götürmüşüksə, bunu sona qədərə davam etdirməliyik”.
