EN

Ayxan Abbasov “Şamaxı”dan ayrılacağını etiraf etdi – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm. Bilirdik ki, “Qarabağ” hər oyuna final kimi yanaşır. Çempionatın sonudur, hər matç gərgin keçir. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular. Rəqib son dəqiqələrdə üstümüzə gəldi. Amma dözə bildik. Bizim üçün hər xal vacibdir. İstəyim odur ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun. Növəbti turda səfərdə “Karvan”la çətin matçımız var. Həmin görüşə hazırlaşacağıq.

Hər futbolçu bizim üçün önəmlidir. Kərim Rossi və Dioqo Balaunun yoxluğu böyük itkidir. Amma digər futbolçular üçün də özlərini göstərmək üçün bir şans oldu.

Əzmkarlığımız az olsa, bəlkə bu gün biz də digər komandalar kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparardıq. Futbolçularımız bizə yaxın olan komandalarla oyunlarda da əzmkarlıq göstəriblər. Böyük hesabla məğlub olduğumuz oyunlar da oldu. Bu tempi saxlamaq asan deyil. Futbolçular ilk turdan bu günə kimi maksimumu etməyə çalışırlar. Heyətimizdə gənclər var. Futbolçular çox “artırıblar”. Onlara görə sevinirəm.

Bu gün tam başqa taktika ilə oynadıq. Bunu “Qarabağ”a görə etdik, məcburuq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olurlar. Oyunçulara dəstək olmaq, onlara motivasiya vermək lazımdır. Təbii ki, komanda ruhu da çox vacibdir”.

Ayxan Abbasov mövsümün sonunda “Şamaxı”dan ayrılacağı barədə xəbərlərə də münasibət bildirib:

“Şamaxı” mənim üçün doğmadır. Burada işimi davam etdirmək istəyərdim. Maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olub. Amma heç bir çətinlikdən danışmamışıq. Çalışmışıq ki, bunun öhdəsindən gələk. Məncə, klub düz yoldadır. Bunu davam etdirmək lazımdır. Rəhbərliyə böyük iş düşür. Onların yanaşmalarını bilirəm. İnanıram ki, düzgün qərar verəcəklər. “Şamaxı” həmişə mənim üçün doğma olacaq. Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
7
7
arena.az

10Sources