AZ

Rəşad Sadıqov: “Sabah”dan aldığımız 1 xal dəyərlidir” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün bir az həyəcanlı başladı. Rəqib ilk dəqiqələrdən böyük təzyiq göstərirdi. Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Çox məyusedici idi. Növbəti 10 dəqiqədə rəqib yenə bizə böyük təzyiq göstərdi. Amma sonrakı dəqiqələrdə fəal çıxış edib iki qol vurduq. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Futbolçularımız əzmkarlıq göstərdilər, qol vurmağa çalışırdılar. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi. Müdafiəmiz etibarlı oynadı və 1 xal qazandıq. “Sabah”la oyunda qazanılan hər xal dəyərlidir. 1 xal üçün çox sevinirik. Fikrimcə, bu xal bizim üçün çox faydalı olacaq.

“Sabah” bu il həqiqətən də möhtəşəm futbol nümayiş etdirir. Səfərdə oynadığımızı nəzərə alsaq, qazanılan xal bizim üçün çox önəmlidir. Çempionatın favoritləri ilə oyunlarda qazanılan hər xal önəmli olur. “Qarabağ”dan 2, “Sabah”dan 1 xal almışıq. Bu xallar çox önəmli olur. Ötən tur son dəqiqələrdə qol buraxıb heç-heçə etdik. “Şamaxı” ilə matçda heç-heçə gözlənilməz deyil. Amma matçın gedişatı elə idi ki, rəqib azlıqda idi, çoxsaylı qol epizodlarımız var idi. Son dəqiqələrdə nəsə hadisə baş verdi və qol buraxdıq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdular. Əsas narahatlığım o idi ki, həmin məyusluq bu oyuna təsir edər. Şükürlər olsun ki, futbolçular bu gün onu hiss etdirmədilər. Növbəti turda “Neftçi” ilə oynayırıq, 4 gün sonra “Turan Tovuz”la kubokun cavab görüşü var. Əvvəl də demişdim ki, apreldə bizi çox ciddi oyunlar gözləyir. Qarşıdakı matçlara çox yaxşı hazırlaşmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
7
arena.az

10Mənbələr