AZ

Ədalət Ələkbərov: “Arzum millini uğurlara daşımaqdır” – ARENA.AZ

Futzal üzrə Azərbaycan millisinin üzvü Ədalət Ələkbərov Gürcüstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tiflisdə baş tutmuş ikinci görüşü millimizin 2:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ədalət Ələkbərov matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“İki gün əvvəlki qarşılaşma ilə müqayisədə bir qədər yorğunluq var idi. Bu da görüşün tempinin aşağı olmasına təsirsiz ötüşmədi. Rəqibimiz heç bir fürsəti qaçırmadı. Əllərinə düşən imkanları maksimum realizə etməyi bacardılar. Bizim üçün maraqlı, faydalı yoldaşlıq oyunları oldu. Təcrübə qazanmaq baxımından maraqlı görüşlər keçirdik.

Düzdür, sona yaxın qol vurdum. Bizi məğlubiyyətdən xilas etməsə də, mənim üçün yaddaqalan oldu. Arzum hər zaman millinin formasını geyinmək, uğurlara daşımaqdır. Baş məşqçimiz istər birinci, istərsə də ikinci oyunda meydanda çox qalmağıma şərait yaratdı. Rəqibimiz də zəif komanda deyildi. Onlar yanvar-fevral aylarında Avropa çempionatının final mərhələsində iştirak ediblər.

Səhvlərimizdən nəticə çıxarmalı, onları düzəlməyə çalışmalıyıq. Təki belə fərdi səhvləri yoldaşlıq oyunlarında edək. Bizi payızda rəsmi matçlar gözləyir. Ona qədər hər fürsətdən faydalanmalıyıq. Qarşıda daha iki oyunumuz var. Qazaxıstan yığması təkcə Avropada deyil, dünyada güclü komandalardan biridir”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
7
arena.az

10Mənbələr