Bu ilin yayında keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinin oyunlarında rekord sayda hakim çalışacaq.
Arena.az bu barədə FIFA-ya istinadən xəbər verir.
Qurumdan verilən məlumata görə, mundialda ümumilikdə 170 hakim fəaliyyət göstərəcək.
Siyahıya 52 baş hakim, 88 köməkçi hakim və altısı qadın olmaqla 30 video hakim daxildir. Bu, dünya çempionatları tarixində ən yüksək say hesab olunur və 2022-ci ildə reallaşmış dünya çempionatında qeydə alınmış göstəricidən 41 nəfər çoxdur.
Bundan əlavə, tarixdə ilk dəfə olaraq azarkeşlər hakimlərin üzərində quraşdırılmış kameralar vasitəsilə epizodların təkrarını onların baxış bucağından izləyə biləcəklər.
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.
