AZ

Manuel Noyer – ÇL-də həftənin ən yaxşı oyunçusu! – ARENA.AZ

“Bayern”in qapıçısı Manuel Noyer azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Almaniyalı qolkiper ÇL-in 1/4 final mərhələsi çərçivəsində Madrid “Real”ına (İspaniya) qarşı keçirdikləri ilk görüşdə (2:1) özünü yaxşı tərəfdən göstərib. Noyer səsvermədə David Raya (“Arsenal”), Xviça Kvaratsxeliya (PSJ) və Xulian Alvaresi (“Atletiko”) qabaqlayıb.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 31 oyuna çıxıb, 30 qol buraxıb, 10 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 592 oyun, 489 buraxılmış qol və 275 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 12 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 40 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
13
8
arena.az

10Mənbələr