EN

Ali Məhkəmə Allahşükürün qızının iddiasını rədd elədi - Hacı Qalibin “dirijorluğu” baş tutmadı

Bilgəh qəsəbəsində torpaq mübahisələri illərdir səngimək bilmir. Bu mübahisələrin mərkəzində isə Hacı Qalib Salahzadə dayanır.

O, müxtəlif vaxtlarda ailə üzvlərinin – gəlini Xatirə Salahzadənin, qardaşının, qardaşının həyat yoldaşının, hətta 1898-ci ildə anadan olmuş və illər öncə vəfat etmiş nənəsi Kübraxanımın adından belə məhkəmələrə sənədlər təqdim edir, iddialar qaldırır.

Bilgəhdə Azərbaycan vətəndaşı Seymur Quliyevə məxsus "kupça"lı 20 sot torpaq sahəsi ilə bağlı Hacı Qalib Salahzadənin “dirijorluğu” ilə indiyədək 100-ə yaxın iddia qaldırılıb. Bu iddialar üzrə müxtəlif instansiyalarda – rayon, apelyasiya məhkəmələrində və Ali Məhkəmədə ümumilikdə 500-ə yaxın məhkəmə iclası və araşdırma aparıldığı bildirilir. Bununla yanaşı, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluqda da araşdırmalar aparılıb. Hazırda isə bu mübahisə ilə bağlı paralel şəkildə üç müxtəlif məhkəmə instansiyasında proseslərin davam edir. Eyni mübahisə ətrafında ardıcıl şəkildə yeni iddiaların qaldırılması və müxtəlif şəxslərin adından proseslərin davam etdirilməsi məhkəmə sisteminin resurslarını məşğul etməklə yanaşı, mübahisənin illərlə uzanmasına səbəb olur.

Məhz belə uzunmüddətli çəkişmələr fonunda Bilgəhdə yerləşən Seymur Quliyevə məxsus özəl 20 sot torpaq sahəsi ilə bağlı növbəti hüquqi epizod Ali Məhkəmənin qərarı ilə yekunlaşıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Hacı Qalib Salahzadənin gəlini Xatirə Allahşükür qızı Salahzadənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına “yeni açılmış hallar üzrə yenidən baxılması” barədə ərizəsini rədd edib. Bununla da illərlə davam edən məhkəmə çəkişməsi Ali Məhkəmənin qərarı ilə yeni mərhələyə keçməyib.

Musavat.com-un əldə etdiyi qərardada əsasən, Ali Məhkəmənin hakimi Zaur Əliyev ərizəyə yazılı icraat qaydasında baxıblar. Məhkəmə belə qənaətə gəlib ki, müraciətdə göstərilən arqumentlər Mülki Prosessual Məcəllənin tələblərinə uyğun “yeni açılmış hal” hesab edilə bilməz. Mübahisənin əsas tərəfləri iddiaçı Seymur Quliyev və cavabdeh Xatirə Salahzadədir. Seymur Quliyev məhkəməyə müraciət edərək Bilgəhdə yerləşən və onun mülkiyyətində olan 20 sot torpaq sahəsinin boşaldılmasını, həmin sahəyə maneəsiz gediş-gəlişin təmin edilməsini, yolun üzərində quraşdırılmış dəmir darvaza, şlaqbaum və parklanma avadanlıqlarının sökülməsini tələb edib.

2023-cü ilin fevralında Sabunçu Rayon Məhkəməsi iddianı qismən təmin edib. Məhkəmənin qərarına görə, torpaq sahəsi cavabdeh Xatirə Salahzadə tərəfindən boşaldılmalı, iddiaçı Seymur Quliyevin gediş-gəliş təmin edilməli, yolun üzərində olan darvaza və şlaqbaum sökülməli idi.

haci

Lakin iş üzrə digər cavabdeh Hacı Qalib Salahzadəyə qarşı iddia rədd edilmişdi. Bakı Apelyasiya Məhkəməsi isə 2024-cü ildə işə yenidən baxaraq qərarın bəzi hissələrini dəyişdirib. Qərara əsasən, iddiaçı Seymur Quliyevə zəruri keçid hüququ verilib. Keçidin Zağulba prospekti tərəfdən cavabdeh Xatirə Salahzadənin torpaq sahəsi üzərindən təmin olunması müəyyən olunub. Bundan başqa, Xatirə Salahzadədən 16 min 200 manat məbləğində vəsait tutulması qərara alınıb. Əlavə olaraq, 10 min manat mənəvi zərər ödənilməsi barədə qərar qəbul olunub. 2025-ci ildə Ali Məhkəmə işə kassasiya qaydasında baxıb və Seymur Quliyevin kassasiya şikayəti rədd edilib, Xatirə Salahzadənin isə şikayəti qismən təmin olunub. Qərara alınıb ki, 10 min manat mənəvi zərər məsələsi yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılsın.

Sonrakı apellyasiya qərarı ilə isə mənəvi zərər tələbi tamamilə rədd olunub və qərar qanuni qüvvəyə minib. Bundan sonra Xatirə Salahzadə iddia edib ki, Seymur Quliyevin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına əsas olan əvvəlki məhkəmə qərarı 2026-cı ilin yanvarında ləğv edilib. Bunu əsas gətirməklə o, əvvəlki mülki iş üzrə qərarların yenidən baxılması tələbini irəli sürüb. Lakin Ali Məhkəmə Xatirə Salahzadənin bu arqumentini qəbul etməyib. Məhkəmə bildirib ki, mübahisəli qərarlar konkret həmin məhkəmə aktına deyil, daşınmaz əmlakın dövlət reyestrində mövcud olan mülkiyyət qeydiyyatına əsaslanaraq qəbul olunub. Bu səbəbdən ərizəçinin göstərdiyi hal Mülki Prosessual Məcəllənin 432.2.4-cü maddəsində nəzərdə tutulan “yeni açılmış hal” sayılmır!

Ali Məhkəmə Xatirə Salahzadənin ərizəsini Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edib, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması barədə müraciəti rədd olunub. Çıxarılmış qərardad qəti xarakter daşıyır və ondan şikayət verilə bilməz.

Beləliklə, Bilgəhdə 20 sot torpaq sahəsi ilə bağlı mübahisə artıq bir neçə instansiyanı - rayon məhkəməsindən başlayaraq apelyasiya və Ali məhkəmələri keçmiş oldu. Hüquqşünasların fikrincə, bu iş bir daha göstərir ki, Azərbaycanda torpaq və daşınmaz əmlak mübahisələrində dövlət reyestrində qeydiyyatın hüquqi qüvvəsi həlledici rol oynayır. Bilgəhdəki bu mübahisə isə hələ də hüquqi baxımdan tam bağlanmış hesab olunmur. Çünki torpaq sahəsinin mülkiyyət hüququnun əsaslandığı inzibati iş üzrə məhkəmə araşdırması yenidən aparılır və həmin prosesin nəticələri gələcəkdə yeni hüquqi mübahisələrə səbəb ola bilər.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
10
4
musavat.com

6Sources