Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 26-cı turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.
Arena.az xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan”la qarşılaşmada (7:0) üç qola imza atıb.
Bu, mövsümün 3-cü het-triki olub. Buna qədər onun komanda yoldaşı Toral Bayramov 5-ci tura “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumu isə 18-ci turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atmıışdı.
Kamilo Duran Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. Kolumbiyalı hücumçu belə uğura imza atmış ilk kolumbiyalıdır.
Bu, Amerika qitəsindən olan futbolçuların Premyer Liqa tarixində 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomesin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.
