EN

Tramp ABŞ-ın müttəfiqlərini necə “düşmənə” çevirdi: Ağ Evin sonuncu sahibi və ya “Qorbaçovu” kim olacaq

Qərb ekspertləri iddia edirlər ki, dünyanın ən nüfuzlu superdövləti olan ABŞ-ı prezident Donald Trampdan sonra daha ciddi qlobal kataklizmlər gözləyir... Bu baxımdan, onların ehtimallarına görə, prezident Donald Tramp ABŞ-ın ən yaxşı halda, ya sonuncudan əvvəlki, ya da ümumiyyətlə, sonuncu dövlət başçısı da ola bilər...

Müasir dünya olduqca ağır və qəliz mərhələdən keçməkdədir. Qlobal hərbi-siyasi proseslər hazırda bütün dünyaya dərin xaos vəd edəcək bir istiqamətlər almış kimi görünür. Belə davam edərsə, böyük ehtimalla yaxın gələcəkdə müasir dünyanın bir çox istiqamətlər üzrə dağıdıcı böhranlarla qarşı-qarşıya qala biləcəyi də artıq qətiyyən istisna deyil. Və bu baxımdan, sürətlə dəyişməkdə olan, üstəlik, hansı şərtlər üzrə əvəzlənəcəyi belə, hələlik bəlli olmayan dünya düzəni daha ağır qlobal kataklizmlərə də yol aça bilər.

Onu da qeyd etmək lazımdır ki, indiki qlobal hərbi-siyasi proseslərin əsas müəllifi rolunda isə hazırda məhz ABŞ prezidenti Donald Tramp çıxış edir. Belə ki, Ağ Ev sahibinin ABŞ-da hakimiyyətə gəlişindən ötən zaman intervalında dünyada bir çox şeylər ciddi şəkildə, həm də neqativ məzmunda dəyişib. Halbuki, prezident Donald Tramp hakimiyyətə gələrkən, bütün dünyaya sülh mesajları verirdi, hətta Nobel Sülh Mükafatına iddia edirdi. Və indi artıq qətiyyən şübhə doğurmur ki, Ağ Ev sahibi verdiyi vədlərin tam əksini reallaşdırmaqdadır.

Məsələ ondadır ki, ABŞ prezidenti Ukrayna savaşını cəmisi bir ay ərzində dayandıracağını vəd etmişdi. Ancaq onun vədlərindən bir ildən çox vaxt keçsə də, Ukrayna savaşı hələ də əvvəlki intensivliklə davam edir. Üstəlik, bu müddət ərzində, Ağ Ev sahibi ABŞ və kollektiv Qərbin Ukrayna savaşına yönəlik hərbi-siyasi strategiyasını iflasa uğradıb. Prezident Donald ABŞ-ın Rusiya ilə yaxınlaşmasına yönəlik addımlar atıb. Və rəsmi Kiyevə dəstəyi dayandıraraq, Rusiyanın hərbi-siyasi mövqelərini ciddi şəkildə gücləndirib.

 

Maraqlıdır ki, Ağ Ev sahibi cəmisi bir il ərzində qlobal geopolitik və təhlükəsizlik sistemini də dağıtmağa nail olub. Halbuki, buna qədər mövcud olmuş qlobal sistem məhz ABŞ maraqları çərçivəsində formalaşdırılmışdı. Prezident Donald Tramp isə ABŞ-ın dünya hegemonluğuna yönəlik həmin sistemin demək olar ki, yerlə-yeksan addımlar atdı. Və ona görə də, hazırda ABŞ-la müttəfiqlik məsələsi belə, kifayət qədər mübahisəli mövzuya çevrilməyə başlayıb.

Çünki Ağ Ev sahibi Qrenlandiya adasını ABŞ-ın tərkibinə qatmaq iddiası ilə əvvəlcə NATO üzrə müttəfiq Danimarka ilə qarşıdurma yaratdı. Bu isə öz növbəsində ABŞ-ın bütövlükdə Avropa Birliyi ilə münasibətlərini ciddi şəkildə korladı. Buna paralel olaraq, prezident Donald Tramp Kanadanı da ABŞ-ın yeni ştatına çevirmək iddiası ilə NATO ilə gərginliyi daha da artırdı. Eyni zamanda, Ağ Ev sahibi Avropa Birliyinə qarşı sərt iqtisadi-ticari təzyiqlərlə ənənəvi münasibətləri tamamilə pozdu. Və indi ABŞ-ın NATO-ya yönəlik ittihamlarına paralel olaraq, Ağ Evdə bu hərbi-siyasi alyansın tərk edilməsi ilə bağlı mövzu ciddi şəkildə müzakirə edilməkdədir.

Digər tərəfdən, ABŞ tərəfindən keçirilən hərbi əməliyyat nəticəsində Venesuaela prezidenti Nikolas Maduronun qaçırılması beynəlxalq hüquq normalarını tamamilə çökdürdü. Çünki bu yolverilməz addım hətta artıq olduqca təhlükəli beynəlxalq örnək rolunu da oynamağa başlayıb. Yəni, bundan sonra güclü dövlətlər sözəbaxmayan ölkələrin liderlərini qaçırtmaq istəsələr, özlərinə haqq qazandırmaq üçün məhz ABŞ-ın bu yolverilməz addımına istinad etmək imkanı qazanıblar. Və bu baxımdan, beynəlxalq hüquq sisteminin artıq real təsirə malik olmadığı, güclünün haqlı hesab edildiyi bir sistem formalaşmağa başlayıb.

 

Nəhayət, dünyada sülh şüarları hakimiyyətə gəlmiş Ağ Ev sahibi Yaxın Şərqdə ABŞ-ın böyük savaşa başlamasına qərar verdi. Nəticədə Yaxın Şərq böyük bir “barıt çəlləyi”nə çevrildi, bu hərbi böhranın daha genişmiqyaslı qlobal savaşa çevrilmə təhlükəsi isə hər ötən gün daha da ciddiləşir. Eyni zamanda, Yaxın Şərq savaşı öz növbəsində dünyanın əsas enerji arteriyalarından biri olan Hörmüz boğazının bağlanmasına da səbəb olub. Və ona görə də, hazırda dünya böyük sürətlə enerji böhranına, eləcə də onun doğura biləcəyi daha dəhşətli qlobal kataklizmlərə doğru sürüklənməkdədir.

Belə anlaşılır ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələrkən, yüksək səslə verdiyi heç bir vədini yerinə yetirməyə nail olmayıb. Əksinə, Ağ Ev sahibi özünün ziddiyyətli qərarları ilə qlobal sistemi dağıdır, beynəlxalq hüququ qüvvədən salır, dünyanı yeni hərbi-siyasi böhran dönəminə doğru sürükləyir. Üstəlik, yaxın gələcəkdə müasir dünyanın ümumiyyətlə, xaosun diktaturası altına düşə biləcəyi ilə bağlı olduqca təhlükəli ehtimalı da gücləndirib. Və bu baxımdan, hesab etmək olar ki, hazırda prezident Donald Tramp, eləcə də, onun hakimiyyət administrasiyası müasir dünya üçün olduqca ciddi problemlər yaratmaqda davam edir.

Ancaq Tramp administrasiyasının yaratdığı problemlər yalnız qlobal məkanda dağıdıcı proseslər ilə məhdudlaşmır. Belə ki, Ağ Ev sahibinin xarici siyasəti ilə yanaşı, daxili siyasəti də ABŞ siyasi-ictimai məkanında güclü etiraz dalğası doğurmaqdadır. Ona görə də, hazırda ABŞ prezidenti Donald Trampın ictimai reytinqi artiq tarixi minimuma enib. Tramp administrasiyasının xarici və daxili siyasətinə qarşı ABŞ-da kütləvi aksiyalar artıq milyonlarla insanın iştirakı ilə keçirilir. Və böyük ehtimalla bundan sonra keçiriləcək həm parlament, həm də prezident seçkilərində Ağ Ev sahibinin təmsil etdiyi Respublikaçılar Partiyasının siyasi məğlubiyyəti qaçılmaz olacaq.

 

Göründüyü kimi, prezident Donald Tramp hakimiyyətdə olduğu cəmisi bir il ərzində ABŞ-da dərin ölkədaxili siyasi-ictimai böhran yaradıb. Eyni zamanda, Ağ Ev sahibi öz xarici siyasət kursu ilə ABŞ-ın ənənəvi müttəfiqləri münasibətlərini ciddi şəkildə korlayıb. ABŞ-ın beynəlxalq nüfuzuna sarsıdıcı zərbələr vurub, qlobal mövqelərini zəiflədib. Artıq ABŞ-ın qlobal hegemonluğunu təmin etmək üçün qurulmuş qlobal hərbi-siyasi və hüquqi sistem də demək olar ki, mövcud deyil. Və müttəfiqlərini də itirməkdə davam edən ABŞ-ın yaxın gələcəkdə qlobal məkanda təklənmiş dövlətə çevrilə biləcəyi isə artıq qətiyyən istisna deyil.

Belə anlaşılır ki, Tramp admiminstrasiyası ABŞ-ın maraqlarında olan bütün beynəlxalq sistemi artıq tədricən dağıdır. Onun hakimiyyəti yekunlaşdıqdan sonra ABŞ-ın üzləşə biləcəyi beynəlxalq situasiyanı təsəvvür etmək hələlik çox çətindir. Hətta bəzi Qərb ekspertləri hesab edirlər ki, Tramp administrasiyası ABŞ-ın bir supergüc olaraq, çöküşünə səbəb ola biləcək proseslərin başlanmasına səbəb olub.

Ona görə də, Ağ Ev sahibi Donald Tramp hazırda keçmiş SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov ilə də müqayisə olunur. Hətta iddia edilir ki, prezident Donald Tramp ABŞ-ın ən yaxşı halda, ya sonuncudan əvvəlki, ya da ümumiyyətlə, sonuncu dövlət başçısı da ola bilər. Və bu baxımdan, ehtimal etmək olar ki, dünyanın ən nüfuzlu superdövləti olan ABŞ-ı prezident Donald Trampdan sonra daha ciddi kataklizmlər gözləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Chosen
35
14
musavat.com

10Sources