AZ

ABŞ-də orta asiyalı miqrantlar saxlanılıb - aralarında azərbaycanlılar yoxdur

ABŞ-nin Pensilvaniya ştatında İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları Orta Asiyadan olan 13 miqrantı saxlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Armstrong qraflığında, Kittanningdəki “PennDOT” sürücülük vəsiqəsi mərkəzində baş verib. ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinlərin müəssisənin qarşısında böyük bir izdiham olması barədə məlumatına reaksiya veriblər.

Polis gəldikdən sonra həbslər başlayıb. Saxlanılanlar arasında Özbəkistan, Qırğızıstan və Türkmənistan vətəndaşları da olub. Onların hamısının ABŞ-də qalmaq icazəsi olmadığı aşkarlanıb.

Miqrantlardan birinin həbsə müqavimət göstərdiyi və hüquq-mühafizə orqanı əməkdaşına hücum etdiyi bildirilir.

ABŞ hakimiyyəti bu işlə bağlı araşdırmalarını davam etdirir.

Qeyd edək ki, Donald Trampın ikinci müddətə ABŞ prezidenti seçilməsindən sonra ABŞ-də qanunsuz miqrantlara qarşı sərt kampaniya başlanıb. Onları aşkarlayır, təqib edir, düşərgələrə toplayır, daha sonra ya üçüncü ölkəyə, ya da birbaşa öz vətənlərinə deportasiya edirlər.

Ötən ilin sonunda və bu ilin əvvəlində ABŞ-dən 60-dan çox Özbəkistan vətəndaşı deportasiya edilib. Ölkədən çıxarılanlar arasında tək-tək Azərbaycan vətəndaşlarına da rast gəlinir.

ABŞ-də yaşayan həmvətənimiz, diaspor fəalı və siyasi şərhçi Zaur Bayramlıdan aldığımız məlumata görə, ölkəmizdən gedərək ABŞ-yə sığınan həmvətənlərimizin çoxu işlərini etibarlı tutub, qanunauyğun davranıblar. "Ancaq bu, o demək deyil ki, Meksikadan qaçaq yolla keçən və ABŞ-də qanunsuz yaşayan həmvətənlərimiz yoxdur. Belə şəxslər az-az olsa da, ola bilər, sadəcə, Orta Asiyadan olan qanunsuz miqrantlar daha çoxdur, ona görə də onların saxlanması və deportasiyası barədə xəbərlər də müntəzəm yayılır", - həmvətənimiz deyib.

Musavat.com

 

Seçilən
0
1
musavat.com

10Mənbələr