EN

Kukseviç: “Görəcəyimiz işlər çoxdur” – ARENA.AZ

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç federasiyanın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, həm cari təlim-məşq toplanışını dəyərləndirib, həm də qarşıdakı yoxlama oyunlarına hazırlıqdan danışıb.

Aprel ayında 4 yoxlama oyunu keçirəcək Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir. Komandamız dünən də günü 2 məşqlə yekunlaşdırıb. Bu gün axşam saatlarında zala çıxacaq futzalçılar sabah – aprelin 8-də Bakı-Tiflis reysi ilə Gürcüstana yola düşəcəklər.

Bakıdakı hazırlıqla bağlı baş məşqçi Yevgeni Kukseviç bunları söyləyib:

“Bu cür toplanışları nə qədər çox keçirsək, futzalçılarımızın xeyrinə olacaq. Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi, etmək istədiklərimizi məşq prosesində tətbiq edək. Üç gün ərzində 5 məşq keçməyimiz planlaşdırılıb. Artıq 4 məşqimiz olub, bu gün Bakıda sonuncu hazırlığımızı keçəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur”.

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb:

“Həm Gürcüstan, həm də Qazaxıstan millisi güclü rəqiblərdir. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Son illərdə ciddi inkişafdadır bu komanda. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk “4-lüy”ündə qərarlaşıb. Bu komanda dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıb. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə oyunlar bizim də təcrübə toplamağımız, payızda keçirəcəyimiz rəsmi görüşlərə daha yaxşı hazırlaşmağımız baxımından əhəmiyyətlidir”.

“Nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır”

Yevgeni Kukseviç bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb:

“FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı bu cür alındı. Çətin də olsa, oynamamaqdansa, oynamaq yaxşıdır. Yenə deyirəm, komandanın inkişafı, verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün çətinliyə rəğmən mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq, düşərgəyə 17 futzalçı dəvət etmişik”.

Xatırladaq ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tiflisdə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
8
2
arena.az

10Sources