EN

Tehran geri çəkilmir: Yaxın Şərqdə müharibə genişlənə bilər?

Yaxın Şərqdə müharibənin davam etdiyi bir zamanda ABŞ ilə İran arasında region ölkələrinin vasitəçiliyi ilə biləvasitə danışıqlar aparılır.

Qərb mediasının məlumatına görə, qarşılıqlı mesajlar fonunda tərəflər müharibənin dayanması bir-birinə şərtlərini irəli sürürlər.

Qeyd edək ki, Tehran ABŞ-nin davam edən müharibəyə son qoymaq məqsədi daşıyan təklifinə mənfi cavab verib və bunun yalnız Tehranın öz şərtləri çərçivəsində baş verəcəyini bildirib.

İran hökumətinin yüksəkvəzifəli rəsmisi Press TV-yə bildirib ki, Tehran müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə çatdırıb:

"İran ABŞ Prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək".

Həmin şəxs əlavə edib ki, Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə "ağır zərbələr" endirmək niyyətindədir.

Maraqlıdır, yaxın zamanda Vaşinqton və Tehranın ortaq razılaşmaya gəlməsi, xüsusilə də kritik məsələlərdə güzəştlərə getməsi nə dərəcədə real görünür, yoxsa bu müharibə hələ bir müddət davam edəcək? Müharibənin bütöv bir regiona daha da yayılması ehtimalı var?

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi yaxın zamanda bitməsi inandırıcı görünmür:

“Hazırda Vaşinqton ilə Tehran arasında aparılan dolayı və bilavasitə təmaslar müharibənin dayandırılması istiqamətində müəyyən diplomatik imkanların mövcud olduğunu göstərsə də, tərəflərin irəli sürdüyü şərtlər fonunda yaxın müddətdə tam və hərtərəfli razılaşmanın əldə olunması real görünmür. İranın təqdim etdiyi şərtlər sadəcə atəşkəs deyil, daha geniş siyasi və strateji təminatları əhatə edən paket xarakteri daşıyır.

Xüsusilə təzminat məsələsi, gələcək hücumların qarşısını alacaq mexanizmlərin yaradılması və Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması kimi tələblər ABŞ üçün qəbul edilməsi çətin olan şərtlərdir. Bu tələblər faktiki olaraq İranın regional güc statusunun legitimləşdirilməsini nəzərdə tutur ki, bu da Vaşinqtonun Yaxın Şərq siyasəti ilə ziddiyyət təşkil edir”.

Onun sözlərinə görə, ABŞ tərəfi isə münaqişəyə daha çox təhlükəsizlik və balans prizmasından yanaşır:

“Vaşinqton üçün əsas prioritetlər İranın regiondakı təsir imkanlarının məhdudlaşdırılması, müttəfiqlərinin, xüsusilə İsrailin təhlükəsizliyinin təmin olunması və enerji marşrutlarının açıq saxlanılmasıdır.

Bu baxımdan, ABŞ-nin İranın bütün şərtlərini qəbul etməsi həm daxili siyasi müstəvidə, həm də beynəlxalq səviyyədə zəiflik kimi qiymətləndirilə bilər. Bu səbəbdən tərəflər arasında kompromisə gedilməsi yalnız məhdud və texniki məsələlər üzrə mümkün görünür”.

Ekspert hesab edir ki, hazırkı vəziyyətdə ən real ssenari tam sülh sazişi deyil, mərhələli və qeyri-rəsmi razılaşmaların əldə olunmasıdır:

“Bu, lokal atəşkəslər, humanitar məsələlər üzrə anlaşmalar və ya müəyyən bölgələrdə gərginliyin azaldılması kimi addımları əhatə edə bilər. Lakin əsas mübahisəli məsələlər – siyasi məsuliyyət, təzminatlar və regional təsir zonaları, böyük ehtimalla açıq qalacaq və danışıqların növbəti mərhələlərinə saxlanılacaq.

Hazrda münaqişənin qısa müddətdə tam dayanması ehtimalı zəifdir. Hər iki tərəf hələ də strateji üstünlük əldə etmək niyyətindədir və geri addım atmağa hazır görünmür. Bu isə müharibənin “sürünən” xarakter alaraq müəyyən fasilələrlə davam etməsi ehtimalını artırır”.

Münaqişənin regiona yayılmasına gəlincə, V.Zifəroğlu bildirib ki, belə bir hal artıq yaşanmaqdadır:

“Faktiki olaraq Körfəz ölkələri bu müharibənin bir tərkib hissəsinə, elementinə çevrilib. Bu isə müharibənin yalnız iki dövlət arasında deyil, daha geniş geosiyasi qarşıdurmaya çevrilmək potensialını göstərir.

Eyni zamanda, enerji marşrutları və strateji boğazlar üzərində nəzarət uğrunda mübarizə qlobal iqtisadi təsirləri də gücləndirə bilər”.

Chosen
121
50
cebheinfo.az

10Sources