Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Bəzi qüvvələr ciddi nəticələrə səbəb olacaq yeni bir sentyabr müharibəsi hazırlayırlar”.
Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında belə deyib. “Ölkədə müharibə partiyasının olması hər gün özünü daha çox göstərir. Çünki bu partiyalar və onların ətrafı sülhə qarşı olmadıqlarını bəyan edirlər, amma onlar hakimiyyətə gəldikdən sonra tezliklə sülh müqaviləsini yenidən nəzərdən keçirəcəklərini deməyə başlayırlar.
Bunu heç bir yumşalma olmadan birbaşa demək istəyirəm. Bu, müharibəyə gətirib çıxaracaq və təkcə ərazinin deyil, həm də Ermənistanın suverenliyinin itirilməsi ilə nəticələnəcək”,-deyə Paşinyan əlavə edib.
O qeyd edib ki, bəziləri nə dediklərini belə ,başa düşmürlər:
“Onların sitat gətirdiyi mətnlər başqa yerdə yazılıb və onlar oxucu kimi çıxış edirlər. Bundan əlavə, nə dediklərini başa düşməyən qüvvələr və siyasətçilər Ermənistanda heç bir rəsmi vəzifəyə can atmamalıdırlar".
Baş nazirin sözlərinə görə, onun açıqlamasından sonra təhlükə daha da güclənib. “Bütün qüvvələr dünya nizamını yenidən nəzərdən keçirmək mövqeyindən çıxış edirlər. Bu isə qaçılmaz müharibə deməkdir və seçkilərdən qısa müddət sonra, payızdan gec olmayaraq baş verəcək”, -deyə Paşinyan bildirib.
O, lazım gələrsə, konkret adlar çəkə biləcəyini qeyd edib.Hibrid müharibəyə gəldikdə, Paşinyan təhdidin mənbəyinin Rusiya olub-olmadığını göstərmədən bildirib ki, söhbət özü və ailəsi haqqında müxtəlif dezinformasiyaların yayılmasından gedir.
Qeyd edək ki, Nikol Paşinyanın bu açıqlaması daha çox iyunun 7-də keçiriləcək parlament seçkilərinə hesablanıb. Ermənistanın Baş naziri müharibə anonsu verməklə həm daxili, həm də beynəlxalq ictimaiyyətə ciddi mesajlar verib. Paşinyanın sözləri seçki prosesi və onun gələcək nəticələri ilə bağlı olsa da, populizm kimi görünməməlidir.
Çünki Paşinyan Ermənistanın kifayət qədər həssas dönəmdən keçdiyini və ciddi siyasi risqlərin astanasında olduğunu bilir. Ona görə də baş nazir Ermənistan vətəndaşlarını ya müharibə, ya da sülh partiyasına səs verməyə çağırıb. “Müharibə partiyası” dedikdə, Nikol Paşinyan revanşist müxalifəti, “sülh partiyası” dedikdə isə öz hakimiyyətini nəzərdə tutur.
Yəni Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən radikal müxalifətin iyun ayında seçkilərdə hakimiyyətə gələcəyi təqdirdə, az sonra müharibəyə başlayacağını Ermənistan ictimaiyyətinə çatdırır. Bununla da o, xalqı seçim qarşısında qoyur ki, müharibə istəyən ermənilər müxalifətə səs verə bilər.
Sülh tərəfdarları isə mövcud hakimiyyətə üstünlük verməlidirlər. Təbii ki, 2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə isə Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından kütləvi itki və məğlubiyyətlə çıxmış Ermənistan cəmiyyəti daha çox sülhdə maraqlıdır.
Söhbət ermənilərin bir toplum olaraq sülhsevər olmasından getmir. Paşinyanın ifadələrindən də aydın olur ki, növbəti müharibədə baş verə biləcək məğlubiyyət Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər.
Ona görə də bu açıqlaması ilə müxalifətin potensial elektoratını öz tərəfinə çəkməyə çalışır. İkincisi, Paşinyan müxalifətin müharibəyə hazırlaşdığını anons etməklə seçkilərə qədər imzalana biləcək sülh müqaviləsinin əleyhdarlarının təzyiqindən sığortalamaq istəyir.
Ermənistanın baş nazirinin sentyabrda müharibənin gözlənildiyinə dair dedikləri regionda marağı olan beynəlxalq güclərə ünvanlanıb. Bununla da Paşinyan ilk növbədə “Tramp marşrutu”nun gələcək idarəçiliyinə investisiya qoyan ABŞ-nin diqqətini cəlb etməyə çalışır.
Vaşinqton Zəngəzur dəhlizinə yalnız iqtisadi əhəmiyyətə malik nəqliyyat-tranzit layihəsi kimi yanaşmır. Tramp administrasiyası Zəngəzur dəhlizinin keçdiyi əraziyə həm də geostrateji əhəmiyyətə malik region kimi baxır. Bu kontekstdə ABŞ Ermənistanla Azərbaycan arasında müharibənin başlanmasında maraqlı deyil.
Yəni Vaşinqton Ermənistanda revanşist müxalifətin hakimiyyətə gəlməsində maraqlı deyil və seçkilərdə Paşinyana siyasi dəstək verəcək. Eyni yanaşma Avropa İttifaqına da aiddir. Hazırda Cənubi Qafqazdan keçən kommunikasiyalar, o cümlədən perspektivdə işə düşəcək “Tramp marşrutu” Avropa İttifaqı ilə Mərkəzi Asiya və Çin arasında əsas ticarət-logistika platformasına çevrilməkdədir.
Rusiyaya gəldikdə isə, rəsmi Moskva Ukraynadakı müharibə başa çatmadan Cənubi Qafqazda hər hansı müharibənin başlanmasını özünə təhdid hesab edir. Çünki İranda ağır müharibənin davam etdiyi bir vaxtda Cənubi Qafqazda növbəti münaqişənin meydana çıxması Rusiyanın Azərbaycan üzərindən Ermənistana və digər bazarlara çıxışının bloklanması deməkdir.
Eyni zamanda, Moskva cənub sərhədlərində baş verə biləcək istənilən münaqişəyə Rusiyaya qarşı ikinci cəbhənin açılması üçün təhlükə mənbəyi kimi baxır.
Ona görə də Paşinyanın açıqlaması seçkilərdə həm daxili auditoriyanın, həm də beynəlxalq güclərin siyasi dəstəyini əldə etməyə hesablanmış gediş kimi başa düşülməlidir.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Açar sözlər:
müharibə Paşinyan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.