EN

Emin Əmrullayev Ağdamda işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Elm və təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib.

TurkicWorld Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, görüşdə sözügedən təhsil müəssisələrinin rəhbər heyəti də iştirak edib. Nazir çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə müasir tədris mühitinin yaradılması və müəllimlərin peşə fəaliyyətini dəstəkləyəcək şəraitin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Emin Əmrullayev həmçinin məktəb-valideyn əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, təhsil işçilərinin peşəkar potensialının artırılması işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin dayanıqlı inkişafının əsas amillərindən biridir.

Nazir müəllimlərin qayğı və problemlərini, səsləndirilən təklifləri dinləyib, onların səylərini yüksək qiymətləndirərək Böyük Qayıdış çərçivəsində təhsil sahəsinin inkişafına verdikləri töhfələrin əhəmiyyətini qeyd edib.

Görüş zamanı yaradılmış təhsil infrastrukturu və qarşıda duran əsas vəzifələr, eyni zamanda tədrisin keyfiyyəti, innovativ tədris metodlarının tətbiqi və müasir təhsil proqramlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Sonda bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli və dayanıqlı təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Görüşdən sonra nazir Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış şəraitlə, həmçinin STEAM mərkəzi ilə tanış olub.

Chosen
46
11
turkic.world

10Sources