EN

İran ABŞ ilə yeni danışıqlara GETMƏYƏCƏK: Regionda gərginlik daha da ARTIR

İranın XİN başçısı Abbas Əraqçi Tehranın Vaşinqton ilə növbəti danışıqlarının məqsədəuyğun olmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, İranın xarici işlər naziri bu barədə PBS telekanalına müsahibəsində danışıb. Ona İran rəhbərliyinin Müctəba Xameneinin ölkənin Ali Rəhbəri seçilməsindən sonra ABŞ nümayəndələri ilə əlaqə yaradıb-yaratmadığı barədə sual ünvanlanıb.

Əraqçi suala cavabında bildirib ki, yeni ali liderin mövqeyini açıqlaması üçün hələ tezdir və hamı onun gələcək açıqlamalarını gözləyir. Nazir əlavə edib ki, Vaşinqtonla yeni təmasların və danışıqların gündəmdə olması ehtimalı azdır.

“Əvvəla, onun hər hansı bir açıqlama verməsi üçün hələ tezdir. Hamımız onun açıqlamalarını və şərhlərini gözləyirik, bunlar sonradan olacaq. Amma düşünmürəm ki, amerikalılarla əlavə təmaslar və ya danışıqlar məsələsi nəzərdən keçiriləcək, çünki bu sahədə amerikalılarla çox acı təcrübələrimiz olub”, – deyə iranlı diplomat qeyd edib.

Heydər Oğuz

Məsələ ilə bağlı siyasi ekspert Heydər Oğuz NOCOMMENT.az-a açıqlamasında bildirib ki, İranın ABŞ ilə dialoqdan imtina etməsi regiondakı gərginliyin daha da artmasına səbəb ola bilər. Onun sözlərinə görə, bu mövqe xüsusilə yeni ali liderin hakimiyyətə gəldiyi dövrdə Tehranın daha sərt siyasi xətt seçə biləcəyindən xəbər verir.

Ekspert hesab edir ki, İranın ABŞ ilə danışıqları məqsədəuyğun saymaması iki ölkə arasında diplomatik kanalların daha da zəifləməsi deməkdir:

“İran uzun illərdir ABŞ ilə münasibətlərdə dərin etimadsızlıq yaşayır. Tehran hesab edir ki, Vaşinqton əvvəlki razılaşmalara tam əməl etməyib. Bu səbəbdən də yeni rəhbərlik dövründə İranın daha qapalı və sərt siyasət yürütməsi mümkündür. Belə bir şəraitdə diplomatik dialoq imkanlarının azalması regionda hərbi gərginliyin artması riskini də yüksəldə bilər”.

Heydər Oğuzun fikrincə, xüsusilə İran, ABŞ və İsrail arasında davam edən qarşıdurma fonunda hərbi eskalasiyanın genişlənməsi ehtimalı tam istisna edilə bilməz.

“Əgər diplomatik kanallar işləmirsə, tərəflər çox vaxt hərbi təzyiq vasitələrinə üstünlük verirlər. Bu isə regionda daha genişmiqyaslı qarşıdurma riskini artırır. Xüsusilə Yaxın Şərqdə münaqişələrin zəncirvari xarakter daşıdığını nəzərə alsaq, İran ətrafında baş verən gərginlik digər ölkələri də prosesə cəlb edə bilər”.

Ekspertin sözlərinə görə, yaxın aylarda əsas məsələ İranın yeni siyasi rəhbərliyinin xarici siyasətdə hansı xətti seçəcəyi olacaq.

Onun fikrincə, əgər Tehran Qərblə münasibətlərdə kompromisə getməzsə, bu, regionda yeni hərbi qarşıdurma ehtimalını artıran amillərdən birinə çevrilə bilər.

Tunar

NOCOMMENT.az 

Chosen
60
50
nocomment.az

10Sources