EN

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

Martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, regionda artan eskalasiya və bunun regional sabitliyə mümkün təsirləri müzakirə olunub.

İran İslam Respublikasının ərazisindən Türkiyənin ərazisini hədəf alan raket buraxılışı və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları qətiyyətlə pislənilib.

Bu qəbildən hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi və təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirdiyi diqqətə çatdırılıb.

Sözügedən hücumlardan dərhal sonra Türkiyənin Prezidenti başda olmaqla, Türkiyə tərəfinin Azərbaycana dəstək ifadə edən açıqlamalarına görə minnətdarlıq ifadə olunub.

Azərbaycanın əsas hissəsindən Naxçıvana və əks istiqamət üzrə həyata keçirilən təyyarə reyslərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuşların müvəqqəti olaraq İğdır Hava Limanı vasitəsilə təşkil olunmasının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib.

Görüş zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq və koordinasiya məsələləri, yüksəksəviyyəli səfər və təmaslar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

Chosen
9
11
azerbaijan-news.az

10Sources