EN

Yevlaxdan istefa qoxusu gəlir: Fizuli Məmmədov, yoxsa Saşa İliç? - YAZI

Bu gün Misli premyer-liqasında 3-cü dövrənin ilk oyunu keçiriləcək. Daha dəqiqi, "Karvan-Yevlax" 23-cü turun açılış matçında "Sumqayıt"ı qəbul edəcək.

Bu oyunu təkcə elitada qalmaq istəyən bölgə təmsilçisiylə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan "kimyaçılar"ın dueli yox,həm də hədəfə gedən yolda həlledici görüş saymaq olar. Mövsüm ərzində cəmi bir qələbə qazanan Yevlax təmsilçisi bu dəfə də xal ehtiyatını artırmasa, duruu daha qorxunc xarakter alacaq. Çünki sonuncu sırada qərarlaşan komanda ilə 11-ci pillədəki "Qəbələ" arasında nə az, nə çox - 9 xal fərqi var. Belədə bölgə təmsilçisinin baş məşqçisi Fizuli Məmmədovla yolları ayırması gündəmə gələ bilər.

Hər halda, yevlaxlıların növbəti turdakı rəqibi "Araz-Naxçıvan"dı. "Qırmızı-ağlar"ın da ölkəmizi Avropada təmsil etmək niyyətində olduğunu nəzərə alsaq, “Karvan-Yevlax”aşans vermək istəməyəcəyinə əmin ola bilərik. Sonra da “Zirə” ilə çətin oyun gəlir. Ardından yığmaya görə çempionatda ikihəftəlik fasilə yaranacaq.

"Sumqayıt"ın da durumu fərqli deyil. Bizon ölkə kubokunda keçirilən oyunları da saysaq, "kimyaçılar" son 10 görüşdə cəmi bir qələbə qazanıb. Kubokda mübarizəni dayandıran komanda 6-cı sırada qərarlaşsa da, 7-ci yerdəki "Neftçi" ilə eyni xala (31) malikdi. Bu azmış kimi, komanda intizamlı, istəkli oyunundan uzaq düşüb. Ümumiyyətlə, mövsümün birinci yarısındakı “Sumqayıt”dan əsər-əlamət qalmayıb. İş o həddə çatıb ki, azarkeşlər nəinki məşqçi korpusundan, futbolçulardan, hətta klub rəhbərliyindən də narazıdı.

Belə məqamda "Karvan-Yevlax"la görüşdə xal itkisi səbr kasasını daşıran son damla ola, hadisələrin axarının məntiqi nəticəsi kimi baş məşqçi Saşa İliç istefaya göndərilə bilər. Odu ki, "Karvan-Yevlax" - "Sumqayıt" matçını diqqətdə saxlamaqda fayda var.

Xatırladaq ki, Yevlax şəhər stadionunda keçiriləcək oyun saat 15.00-da başlayacaq.

KƏNAN BAHADIR

Chosen
138
35
football-plus.az

10Sources