Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulur.
"Unikal" xəbər verir ki, bu gün son iki yarımfinalçının adına aydınlıq gələcək.
Yevlaxda "qərb derbisi" baş tutub. "Kəpəz" "Turan Tovuz"u qonaq edib. İlk görüşdə 1:0 hesablı üstünlük əldə edən "Turan Tovuz" bu dəfə daha inamlı qələbə qazanıb. Prinsipial rəqibini 2 cavabsız qolla üstələyən tovuzlular yarımfinala adlayıblar.
Son yarımfinalçının da adına bölgədə aydınlıq gəlib. "Qəbələ" səfərdə keçirdiyi ilk görüşdə qolsuz heç-heçəyə nail olduğu "Sabah"la qarşılaşıb. Əsas vaxtı 2:2 bitən gərgin qarşılaşmada azarkeşlər əlavə vaxtın şahidi olublar. Əlavə vaxtda da hərəyə 1 dəfə fərqlənən komandalar penaltilər seriyasında qalibi müəyyənləşdiriblər. Burada daha dəqiq olan Bakı təmsilçisi adını yarımfinala yazdırıb.
Qeyd edək ki, "Turan Tovuz" yarımfinalda "Zirə" ilə qarşılaşacaq. "Qəbələ" – "Sabah" cütünün güclüsünü isə finala gedən son sınaqda "Qarabağ" gözləyir. Yarımfinal oyunları aprelin 2-də və 22-də keçiriləcək.