EN

Qadınlar niyə boşanır? -

Son zamanlar Azərbaycanda boşanma halları ciddi müzakirə mövzusudur. 2025-ci ildə Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə 48 min 477 nikah və təxminən 20 min 676 boşanma qeydə alınıb. Bu, əvvəlki illərlə müqayisədə boşanmaların bir qədər azalmasına baxmayaraq, hələ də yüksək səviyyədə qalır və ailə institutunun zəifləməsi kimi qiymətləndirilir. Bu mövzuda millət vəkili Fazil Mustafa da diqqətçəkən açıqlama verib. O qeyd edib ki, bəzi hallarda qadınlar məqsədli şəkildə, xüsusilə ilk uşaq dünyaya gəldikdən sonra aliment almaq üçün boşanırlar və bu, yüzlərlə belə vəziyyətdə rast gəlinir. Bu fikir ictimaiyyətdə geniş müzakirələrə yol açıb və boşanma səbəbləri barədə fərqli baxışları ortaya qoyub. Bəs qadınların boşanma iddialarında ən çox göstərilən səbəblər hansılardır? Bu barədə Metbuat.az hüquqşünaslar arasında sorğu keçirib. Vəkil Fariz Namazlının sözlərinə görə, nikahın pozulmasına dair iddialarda göstərilən səbəblər çox zaman iddianın hansı tərəf – kişi və ya qadın tərəfindən qaldırılmasından asılı olaraq fərqlənir. O qeyd edib ki, kişilər tərəfindən nikahın pozulmasına dair iddia qaldırıldıqda daha çox qadının xəyanət etməsi, uzun illər ərzində tərəflərin bir-birini başa düşməməsi, xarakter uyğunsuzluğu və ailə münasibətlərinin alınmaması kimi səbəblər göstərilir: “Qadınlar tərəfindən nikahın pozulmasına dair iddia verildikdə isə səbəblər daha çoxşaxəli olur. Təcrübədə boşanma ilə bağlı ən çox rast gəlinən hallar fiziki və psixoloji zorakılıq, alçaldılma, təhqir, davamlı təzyiq və təhdidlər, ailənin maddi ehtiyaclarının qarşılanmaması, qazancın ailə mənafeyi üçün sərf edilməməsi, ailənin bütün maliyyə yükünün faktiki olaraq qadının üzərində qalması, tərəflərin uzun müddət birgə yaşamaması, nikah münasibətlərinin formal xarakter daşıması, ailədaxili münasibətlərin sağlam və normal olmaması, eləcə də kişi tərəfin qohumlarının ailə münasibətlərinə yersiz və davamlı müdaxiləsi kimi səbəblərdir”. F.Namazlı diqqətə çatdırıb ki, qadınlar tərəfindən iddia adətən ani qərar nəticəsində deyil, uzun müddət davam edən problemli münasibətlərin, qarşılıqlı hörmətin azalmasının, etimadın sarsılmasının və ailə münasibətlərinin bitməsinin nəticəsi kimi qaldırılır: “Yəni praktikada bu cür müraciətlər çox vaxt illərlə yığılan narazılıq və həllini tapmamış münaqişələrin yekunu olur. Həmçinin kişilərin xəyanət etməsi halında qadınlar nikahın pozulmasına dair iddia qaldırdıqda, bu cür iddiaların bəziləri sonradan geri götürülür. Amma qadınların xəyanət etməsi halında kişilərin iddiaları geri götürməsi halı çox nadir hallarda baş verir”. Hüquqşünas Fidan Axundova isə öz açıqlamasında bildirib ki, boşanmada qadınlar adətən “yola gedə bilmirik”, “nikahımız formaldır” kimi səbəblər göstərirlər. Onun fikrincə, bəzən göstərilən səbəblər bəhanə olur: “Çox olmasa belə, bəzi hallarda aliment məsələləri də burada rol oynaya bilir”. Vəkil Tural Həsənli boşanmanın səbəbi kimi daha çox rast gəlinən halların evliliyin qarşılıqlı sevgi üzərində deyil, digər meyarlar əsasında qurulması, evlilikdən əvvəlki gözləntilərin sonradan özünü doğrultmaması və ailəyə kənar müdaxilələrin olması ilə bağlı olduğunu bildirib. Hüquqşünas Esmira Rzayeva Metbuat.az-a açıqlamasında söyləyib ki, son zamanlar nikahın ləğvi ilə bağlı müraciət edən xanımlar arasında daha çox iki əsas səbəb ön plana çıxır: ərinin ailəni kifayət qədər maddi cəhətdən təmin etməməsi, yəni ailəyə və uşaqlara baxmaması və xəyanət halları:“Qanunvericilikdə xəyanətlə bağlı ayrıca təzminat məsələsi nəzərdə tutulmayıb. Bu mövzu ilə maraqlananlar olur, lakin qüvvədə olan qanunlara əsasən belə bir maddə mövcud deyil. Nikahın ləğvi ilə bağlı məhkəməyə müraciət edildiyi zaman isə nikahın pozulması, uşaq varsa, alimentin təyin edilməsi, uşağın kimin himayəsində qalması və nikah dövründə əldə edilmiş əmlakın bölgüsü kimi məsələlər həll olunur. Nikah könüllü bağlandığı kimi, onun ləğvi də məhkəmə qaydasında mümkündür və tərəflərdən birinin israrı belə nikahın pozulması üçün əsas ola bilər”. Hüquqşünas Turan Abdullazadə isə sorğumuza cavabında qeyd edib ki, qadınların boşanma müraciətlərinə ən çox səbəb olan hallar xəyanət, baxımsızlıq və valideynlərin müdaxiləsi ilə bağlıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
146
4
metbuat.az

10Sources