EN

İpoteka ilə mənzil almaq istəyənlərin nəzərinə

İpoteka şərtləri bazarda alıcılıq qabiliyyətinə təsir edir. Faizlər aşağı olduqda və şərtlər əlverişli olanda mənzilə tələbat artır. Bəs xüsusilə güzəştli ipotekanın genişlənməsi mənzil bazarında qiymət artımına səbəb ola bilər?Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, son beş ilin statistikasına nəzər salsaq, bu müddət ərzində satılan çıxarışlı mənzillərin orta hesabla 60 faizdən çoxu müxtəlif növ kredit şərtləri ilə realizə olunub. Artıq alıcıların böyük hissəsi mənzilləri nağd deyil, əsasən kredit hesabına əldə etməyə üstünlük verir. Ekspertin sözlərinə görə, bu satışlara tikinti şirkətlərinin daxili kreditləri, bank kreditləri və xüsusilə vətəndaşların daha çox maraq göstərdiyi ipoteka kreditləri daxildir. İpoteka kreditləri üzrə faiz dərəcələri digər kredit növləri ilə müqayisədə daha aşağıdır: “İpoteka kreditləri iki istiqamətə bölünür: güzəştli ipoteka (4 faiz) və adi ipoteka (7 və ya 8 faiz). Güzəştli ipoteka üzrə maksimal məbləğ 100 min manat, adi ipoteka üzrə isə 150 min manatadək müəyyən edilib. Yaxın günlərdə yeni ipoteka kreditlərinin verilməsi gözlənilir ki, bu da əmlak bazarında müştəri sayının artmasına səbəb ola bilər. Lakin son illərdə əmlak bazarında müşahidə olunan qiymət artımı vətəndaşların ayrılan limit çərçivəsində paytaxtın mərkəz ərazilərində daha çox otaqlı mənzil almaq imkanını məhdudlaşdırıb. Xüsusilə güzəştli ipoteka üzrə nəzərdə tutulan 100 min manatadək məbləğ daha çox Bakıətrafı qəsəbələrdə və regionların iri şəhərlərində mənzil almaq üçün əlverişlidir”.E.Fərzəliyev qeyd edib ki, hazırda Bakı şəhərinin mərkəz və mərkəzə yaxın ərazilərində ipoteka predmetinə çevrilə bilən köhnə tikili binalarda bir otaqlı mənzillərin qiyməti 120–150 min manat arasında dəyişir. Yeni tikililərdə isə bu rəqəm təxminən 150–250 min manat təşkil edir. Bu isə o deməkdir ki, vətəndaş sadəcə bir otaqlı mənzil əldə etmək üçün yüksək məbləğ ödəməli olur: “Qiymət artımı ilkin ödənişlərin və aylıq kredit ödənişlərinin də yüksəlməsini qaçılmaz edir. Mərkəzi ərazilərdə köhnə tikililərdən əsasən doqquzmərtəbəli yaşayış binalarının ipoteka predmetinə çevrilməsi, yeni tikililərdə isə çıxarışlı mənzillərin ipotekaya yararlı olması bu seqmentdə tələbatı artırır. Tələbatın artması isə qiymətlərin daha da yüksəlməsi ilə nəticələnir. Əvvəllər vətəndaşlar ipoteka krediti ilə əsasən mərkəzə yaxın ərazilərdə mənzil axtarırdılarsa, hazırda daha çox Bakıətrafı qəsəbələrə üstünlük verirlər. Xüsusilə Zığ qəsəbəsi, Günəşli qəsəbəsi və Hövsan qəsəbəsi kimi ərazilərdə yerləşən köhnə doqquz mərtəbəli binalar daha çox seçilir. Bu ərazilərdə mənzil qiymətləri mərkəzlə müqayisədə daha münasib olduğundan, vətəndaşlar ayrılmış ipoteka limiti çərçivəsində daha çox otaqlı mənzil əldə etmək imkanı qazanırlar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
17
13
metbuat.az

10Sources