EN

ABŞ-nin HƏDƏFİNDƏ olanlar: Maduro, Xamenei... növbədə KİM?

“ABŞ-nin İranda həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyat Prezident Donald Trampın siyasi irsini müəyyən edə biləcək bir məqam ola bilər”.

Bu barədə “Röyters” agentliyinin yaydığı məqalədə bildirilir. Qeyd olunur ki, Amerika lideri 2025-ci ildə vəzifəyə başladıqdan bəri xarici siyasətdə ən böyük riskə gedir. Fakt budur ki, Tramp Çinin iki müttəfiqi olan Venesuela və İranda əməliyyatlar keçirib. Qısa müddətdə prezident Maduro Nyu-York türməsinə gətirilib, ali rəhbər Xamenei isə öldürülüb.

Bəs növbədə kimdir? Kim Çen In, Putin, yoxsa... İranın yeni (müvəqqəti) ali dini lideri ayətullah Əlirza Ərafi də hədəfə gələ bilərmi?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Tramp tarixdə yeri barədə, siyasi irsi barədə hamıdan çox düşünən ABŞ prezidentidir:
“O, başqa prezidentlərin atmağa cəsarət etmədiyi addımları Tramp atmağı bacarır və bununla da Amerika tarixinə düşəcəyini düşünür. İrana qarşı əməliyyat çox böyük cəsarət tələb edirdi. Belə təsəvvür yaranmışdı ki, prezident Tramp artıq tərəddüd edir, İran rəsmilərinin verdiyi bəyanatlar onu bu addımı atmaqdan çəkindirir. Ancaq çəkindirmədi. Tramp əməliyyata başladı və əməliyyatın 1 aya qədər davam edəcəyini bildirdi. Bu müddətdə təbiidir ki, digər İran rəsmilərinin də həyatı təhlükədədir. Biz yaxşı xatırlayırıq, 12 günlük müharibə zamanı öldürülmüş generalların yerinə təyin olunanlar da qətlə yetirildi. Bu baxımdan, İranın müvəqqəti ali dini liderinin də həyatı təhlükədədir və o əsas hədəflərdən biridir. Bundan sonra ABŞ-nin əməliyyat keçirəcəyi ölkə hansı dövlət ola bilər? Bu barədə “Z-Atlantik” nəşri məqalə ilə çıxış edib. Orada açıq şəkildə göstərilir ki, növbədə Kubadır. Tramp açıq şəkildə deyib ki, Amerika qitəsində bizi qane etməyən rəhbər ola bilməz”.

Abutalıb

Siyasi ekspert hesab edir ki, İran əməliyyatı başa çatdıqdan sonra Kubaya qarşı da eyni qətiyyətlə əməliyyat keçiriləcəyi istisna olunmur: “Prezident Tramp sübut eləmək istəyir ki, başqa prezidentlərin cəsarət etmədiyi addımları atmağa qadir olan və ABŞ tarixində xüsusi yer tutmağa layiq olan prezidentdir. Tramp hesab edir ki, o, dünya xəritəsini dəyişdirməyə qadir olan və dünya tarixində müstəsna yer tutmağa layiq bir dövlət başçısıdır. Bu səbəbdən güman ki, hələ bizi çoxlu gözlənilməz əməliyyatlar, hadisələr gözləyir”.

Siyasi elmlər professoru Ramiz Ramiz Yunus isə bildirib ki, Əli Xameneinin ABŞ və İsrailin zərbələri nəticəsində həlak olması dünya siyasətində toxunulmaz fiqurların və “qırmızı xətlərin” hələ də mövcud olması ilə bağlı illüziyanı qəti şəkildə dağıtdı: “Bu artıq nə diplomatik böhrandır, nə də qarşılıqlı təhdidlərin mübadiləsi. Bu, yeni reallığın nümayişidir: əgər zəifsənsə – səninlə danışmırlar, səni fakt qarşısında qoyurlar.
Müasir dünyada beynəlxalq hüquq artıq təhlükəsizliyin təminatçısı kimi işləmir. Əgər bir dövlət başqa bir dövlətin ali rəhbərliyinə zərbə endirə və bunu siyasi strategiyanın elementi kimi təqdim edə bilirsə, deməli, beynəlxalq hüquq artıq çəkindirici mexanizm deyil və dünya getdikcə daha aydın şəkildə “cəngəllik qanunu” ilə yaşayır: kim güclüdürsə, o haqlıdır. Dünya sürətlə ilkin formulaya qayıdır: hüquq güclə təsdiqlənir. Vaşinqtonun motivləri barədə mübahisə etmək, Tehranın siyasətini tənqid etmək olar, lakin əsas nəticə aydındır – turbulensiya dövründə yalnız əvvəlcədən öz dayanıqlığını təmin etmiş dövlətlər sağ qalır, digərləri isə başqalarının strategiyalarının obyektinə çevrilir”.

Россия

Siyasi ekspert qeyd edib ki, əgər suverenlik prinsipi aşınırsa, əgər rejim dəyişiklikləri güc təzyiqinin alətinə çevrilirsə, bu, xüsusilə mürəkkəb regionlarda yerləşən dövlətlər üçün təhlükəli presedent yaradır:
“Azərbaycan üçün bu, nəzəri məsələ deyil. Təxminən otuz il ərzində beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi Ermənistanın işğalı altında idi; regionda onun arxasında Rusiya və İran dayanırdı, Qərbdə isə ermənimərkəzli yanaşma hökm sürürdü. Sülh danışıqları sonsuzadək uzanır, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəyanat olaraq qalır, “nə müharibə, nə sülh” status-kvosu isə bir çox xarici oyunçuları qane edirdi. O dövrdə bizə daim “səbir”, “dialoq” və “kompromis” tövsiyə olunurdu. Amma reallıq göstərdi: güc olmadan ədalət bərpa olunmur. Azərbaycan strateji seçim etdi – güclü dövlətə çevrilmək. Uzun illər sistemli iş aparıldı: ordunun gücləndirilməsi, iqtisadiyyatın modernləşdirilməsi, cəmiyyətin konsolidasiyası. Vaxt yetişəndə Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Lakin daha vacib olan budur: qalib gəldikdən sonra biz gücümüzü ekspansiya alətinə çevirmədik. Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini keçmədik, yüz il əvvəl bolşeviklərin cinayətkar qərarları ilə bağlı tarixi iddiaları reallaşdırmağa başlamadıq. Biz müasir beynəlxalq hüququn bitdiyi yerdə dayandıq. İmpulsiv hərəkət edən dövlətlə strateji davranan dövlət arasındakı fərq məhz bundadır. Azərbaycanın gücü ədalətin bərpası üçün tətbiq olundu və sonra sülh gündəliyinə yönəldildi. Məhz buna görə bu gün rəsmi Bakı sülh haqqında zəiflik mövqeyindən deyil, inam mövqeyindən danışır”.

R.Yunus hesab edir ki, İran ətrafındakı vəziyyətin inkişafı isə böyük ölçüdə Trampın hesablamalarından asılı olacaq: “Onun üçün bu böhran təkcə xarici siyasət deyil, həm də daxili siyasi məsələdir. Qarşıda noyabrda keçiriləcək Konqresə aralıq seçkilər var və ona sürətli, nümayişkaranə qələbə lazımdır. Prezident Trampın üslubu – maksimum təzyiq, sonra isə razılaşmadır. O, yaxınlarda Venesuela ilə bağlı belə hərəkət etmişdi. Kuba ilə münasibətlərdə də oxşar məntiq görünür. Bu baxımdan İran ABŞ prezidenti üçün seçki kampaniyasının növbəti iri elementi kimi görünür”.
Ekspertin fikrincə, böyük ehtimalla zəifləmiş Tehran hazırkı şəraitdə razılaşmaya gedəcək və prezident Trampın ultimatumunu qəbul edəcək: “Rejimin əsas fiquru olan ali lider Əli Xameneinin itirilməsindən və misli görünməmiş hərbi təzyiqdən sonra İranın müqavimət imkanları xeyli daralıb. Müvəqqəti razılaşma gərginliyi azaltmağa və ən azı ABŞ-da payız seçkilərinədək vəziyyəti sabitləşdirməyə imkan verə bilər. Lakin Vaşinqtondakı strateqlər başa düşməlidirlər ki, İran Venesuela deyil. Bu, dərin tarixə, güclü identikliyə və regional ambisiyalara malik dövlətdir. Münaqişə müvəqqəti dondurulsa belə, tamamilə aradan qalxmayacaq və həm İranın daxilində, həm də bütövlükdə bu partlayışa hazır regionda proseslərin necə inkişaf edəcəyi hələ məlum deyil. Biz elə bir dövrdə yaşayırıq ki, ABŞ prezidentinin sevimli şüarlarından birinə çevrilmiş “sülh güc vasitəsilə” artıq ritorika deyil, praktikadır. Lakin güc müxtəlif olur. Xaotik və impulsiv güc var, bir də strateji – hesablanmış, intizamlı və məsuliyyətli güc”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
20
17
musavat.com

10Sources